"Siyasi partiyalar haqqında" qanun partiyalarla bağlı yanaşmanın təkmilləşməsinə yol açıb"
“Siyasi partiyalar haqqında” qanunun qəbul olunması partiyalarla bağlı yanaşmaların təkmilləşməsinə və cəmiyyətdə dayağı olan siyasi güclərin özünü təsdiq etməsinə yol açıb”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, müstəqilliyimizin ilk illərində siyasi partiyaların yaradılması prosesi çox primitiv olduğundan partiya yaratmaq istəyən hər kəs özünün ailə üzvləri və dostlarını toplayaraq siyasi meydanda olduğunu bəyan edirdi: “Amma “Siyasi partiyalar haqında” qanun qəbul ediləndən sonra bu partiyaların çoxunun heç bir sosial dayağı olmadığı sübut edildi. Sosial dayağı olmayan və əqidə ətrafında müəyyən qədər insanları cəmləşdirə bilməyən yığıncağı siyasi partiya adlandırmaq olmaz”.
“Siyasi partiyalar haqqında" qanun layihəsi ictimai müzakirələrə təqdim olunanda radikal müxalifət və xaricdə oturaraq düşmənlərimizin sifarişlərini həyata keçirən dairələr ölkədə müxalifətin fəaliyyətinin qadağan olunacağı və iqtidarın təkpartiyalı sistemə keçəcəyi ilə bağlı absurd fikirlər səsləndirirdi. Qanun layihəsi uzun müddət müzakirə edildi və bu müzakirələrdə bütün siyasi partiyalar, eləcə də qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak etdilər. Çox maraqlı müzakirələrdən sonra rasional təkliflər qəbul olundu və nəticədə mükəmməl bir yeni qanun ərsəyə gəldi. Qanunda radikal müxalifəti qorxudan əsas məsələ 5 min nəfər üzv tələbinin olması idi. Yeni qanuna uyğun olaraq siyasi partiyaların müraciətlərinə Ədliyyə Nazirliyində yenidən baxıldı, bəzi partiyalara dəqiqləşmələrin aparılması üçün vaxt verildi. Nəticədə 30 siyasi partiya qeydiyyata alındı və onlar siyasi fəaliyyətlərini davam etdirə biləcəklər”,- deputat əlavə edib.
Azər Badamov
A.Badamovun sözlərinə görə, “Siyasi partiyalar haqqında” yeni qanun siyasi partiyaların həyatında da vacib bir hadisə oldu: “Çünki uzun illər özünü siyasi partiya kimi təqdim edənlər heç bir siyasi proseslərdə iştirak etmirdi və paslanmışdılar. 5 min üzv tələbi sanki siyasi partiyaları yerindən tərpətdi və aktivləşməyə məcbur etdi. Hesab edirəm ki, bu gün siyasi partiya kimi qeydiyyatdan keçmiş təşkilatlar gələcəkdə siyasi proseslərdə daha yaxından iştirak edəcəklər və aktiv fəaliyyətləri ilə seçiləcəklər. Bu, həm də siyasi partiytaların ölkənin ictimai-siyasi mühitində yaxından iştirak etməsi üçün imkandır. İqtidar siyasi partiyaların reyestrini təsdiq etməklə, əslində, təkrar olaraq siyasi dialoqa sadiqliyini nümayiş etdirmiş oldu. Siyasi dialoq ölkənin siyasi mühitini daha da təkmilləşdirir və müəyyən məsələlərin həll olunmasına töhfə verir. İqtidar müxalifətin konstruktiv fikirlərinə həmişə hörmətlə yanaşır, onun qaldırdığı müəyyən məsələlərin həll olunmasına vaxtında reaksiya verir. Konstruktiv müxalifət cəmiyyətin inkişafına və dövlətin möhkəmlənməsinə töhfə verir”.
Deputat, həmçinin bildirib ki, “Siyasi partiyalar haqqında” qanunun müzakirələri zamanı ən çox narazı olan radikal müxalifətin partiyaları da qeydiyyatdan keçdi: “Bu partiyalar qanunun müzakirələri zamanı iqtidarın ünvanına şər-böhtan yağdıraraq ölkədə müxalifətin fəaliyyətinə qadağa qoyulduğunu iddia edirdilərsə, partiyaların reyestrdə qeydiyyatından sonra səsləri çıxmır və heç nə olmamış kimi özlərini aparırlar. Bunu ikiüzlülüyün və siyasi mədəniyyətsizliyin göstəricisi hesab edirəm. Onlar bu böhtanlara görə xalqdan üzr istəməlidirlər”.
A.Badamovun fikrincə, “Siaysi partiyalar haqqında” yeni qanun siyasi partiyalar sistemində sistemli münasibətlərin mövcudluğunu təsbit edir: “Yeni qanun partiyalar üçün, eyni zamanda demokratik meyarlar müəyyən edir. Siyasi partiyalar bu meyarlara uyğun olaraq siyasi fəaliyyətlə məşğul olmalı və ölkədə gedən siyasi proseslərdə yaxından iştirak etməlidirlər”.
pravda.az