Siyasət 31 Avqust 2023, 17:45 | Baxış sayı: 146
"Siyasi korrupsionerlərə, Ermənistana və onun havadarlarına bu məsələlərdə heç bir halda güzəşt edilməyəcək”

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan siyasi şoulara dözməyəcək. Korrupsioner Qərb siyasətçiləri separatizmi dəstəkləyir, qondarma rejimin varlığını davam etdirəcəyini düşünürlərsə, yanılırlar. 

O, növbəti günlərdə Laçın yolunun açıla biləcəyinə də toxunub. Bildirib ki, bu məsələ Azərbaycanın qanunlarına riayət edilməklə təmin olunmalıdır, qanunsuz silah daşınmasına yol verilməyəcək.  

H.Hacıyev tvitter hesabında onu da qeyd edib ki, Azərbaycan artıq öz torpağında nəzarətsiz zonaya tolerantlıq göstərə bilməz. Qanunsuz rejim buraxılmalı və tərksilah edilməlidir.
 

Prezident köməkçisinin səsləndirdiyi fikirlərə deputat Asim Mollazadə açıqlamasında münasibət bildirib: 

“Hikmət Hacıyevin açıqlamaları Azərbaycan dövlətinin beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyini dünyaya bəyan edir. Azərbaycanın mövqeyi hər zaman beynəlxalq prinsiplərə əsaslanıb. Burada önəmli məqam dövlətin suverenliyi və ərazi bütövlüyüdür. Bunu pozmaq istəyən hər bir qüvvə qanun qarşısında cavabdeh olacaq”. 

A.Mollazadənin sözlərinə görə, bu gün Xankəndidəki hərbi cinayətkarlar yenidən müharibə, revanş əhval-ruhiyyəsindədirlər: 

“Beynəlxalq cinayətkar kimi tanıdığımız Vardanyan münaqişəni yenidən canlandırmaq istəyir, bəlkə də məqsədi Ermənistanda hakimiyyəti ələ almaqdır. 

Azərbaycanın suveren hüquqları var, öz ərazisində söz sahibidir. Beynəlxalq ictimaiyyət bunu unutmamalıdır. Siyasi korrupsionerlərə, Ermənistana və onun havadarlarına bu məsələlərdə heç bir halda güzəşt edilməyəcək”.

demokrat.az

Xəbərlər