Plenar iclaslar 27 Dekabr 2022, 12:46 | Baxış sayı: 165
"Siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir"

Siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, Vətən müharibəsində qələbədən sonra yeni hakimiyyət quruculuğu, konstitusion islahatlar və birinci Qarabağ savaşı dövrünün idarəçilik mirasının ləğvi daha da sürətlənib:

"90-cı illərdə muxtar dövlətə çevrilən Naxçıvanın o vaxtkı statusu zamanın tələbi idi, lakin indi Qələbədən sonra bütün ərazi vahidləri qanunverici orqan üzərindən deyil. Ali icra hakimiyyəti tərəfindən birbaşa yönləndirilməlidir. Ulu öndər Heydər Əliyev Naxçıvanı xilas etdi, çətin günlərdə qurub möhkəmləndirdi, lakin Zəfərdən sonra, mərkəzi dövlət orqanları ilə paralel nazirliklərin, komitələrin və nəhayət, əlahiddə ordu birləşməsinin paytaxt Bakıdan sahəvi qurumlardan idarə olunması Qars müqaviləsini gücləndirməklə yanaşı, çeviklik, şəffaflıq və hesabatlılığı təmin edəcək".

Deputat qeyd edib ki, Naxçıvan Ali Məclisinin ləğvi isə yalnız Konstitusion dəyişikliklərlə mümkündür:

"Prezidentin institusional və kadr dəyişiklikləri xalqımız tərəfindən rəğbətlə qarşılanır, çünki bütün hakimiyyət qollarını və ucqarları əhatə edir. Göründüyü kimi, xüsusi nümayəndəlik institutu işğaldan azad olunan torpaqların hüdudlarını aşır, ölkəmizin bütün coğrafiyasına tətbiq olunmaqla Azərbaycanı etnik-milli, ərazi və işğal faktoru ilə parçalayan çoxəsrlik tarixin mənfi ənənələrini aradan qaldırır. İndi növbə Xankəndinindir. Orada xüsusi nümayəndəlik institutunun yaradılması 300 il ərzində İrandan, Rusiyadan və Qərbdən qərarlar gözləyən yerli erməni əhalisini Konstitusiya və qanunlara tabe olmağa, düşmənçiliyə son qoymağa imkan verəcəkdir. Əgər bir vaxtlar Robert Koçaryan və Serj Sarkisyan Qarabağdan Ermənistan prezidentliyinə getmişdilərsə, indi erməni toplumunun özünə kənardan rəhbər gətirməsi xilas yolu ola bilməz".

Z.Oruc əlavə edib ki, Qarabağın xoşbəxt gələcəyi yalnız Azərbaycanla bağlıdır:

"İndi Bakı Xankəndi, İrəvan və Təbrizdə yaşayan milyonlarla insanın ümid yeridir. Ona görə də siyasi islahatlar dövlətimizin mövqeyini gücləndirir".

Xəbərlər