Cəmiyyət 18 İyul 2023, 13:31 | Baxış sayı: 79
""Şəhərli-rayonlu”, “kəndçi” müzakirələri, bir-birini alçaltmalar məni çox narahat edir..."

“Mediada, sosial şəbəkələrdə gedən “şəhərli-rayonlu”, “kəndçi” müzakirələri, qarşılıqlı ittihamlar, bir-birini alçaltmalar məni çox narahat edir. Bu hal xalqımızı, onun müsbət, birləşdirici enerjisini içəridən daha çox parçalayır, əsas strateji hədəflərdən yayındırır və zəif salır. Doğrudur, bu, daimi mövzudur və tezliklə aradan qaldırılası deyil. Lakin ziyalılarımız, mətbuatımız bu sahədə diqqətli olmalı, maarifləndirmə işləri aparmalıdırlar. Ümumiyyətlə, "şəhərli, yoxsa kəndli yaxşıdır?" sualı ona bənzəyir ki, uşaqdan soruşasan: "atanı çox istəyirsən, yoxsa ananı?" Uşaq da bu ağır sualın təzyiqi altında əzilir, cavab vermək istəmir. Axı o, hər iki valideynin övladıdır, hər ikisinin genetikasını, istəyini daşıyır. Biz də mədəniyyət, tərbiyə, davranışa görə şəhər və kəndin dəyərlərinin ortaq daşıyıcıları olan övladlarıyıq”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, hər iki tərəfin çox qiymətli sayılan məziyyətləri var: “Nə üçün hansınısa tərifləməli və ya pisləməliyik? Olmaz ki, həm şəhərə, həm də kəndə məxsus dəyərlərin ən yaxşılarını mənimsəyib, özümüzü, övladlarımızı və cəmiyyətimizi püxtələşdirək? Biz yalnız qarşılıqlı sevgi və hörmətlə xoşbəxt ortam yarada bilərik. Bir sözlə, bizi ayıran deyil, birləşdirən, bütövləşdirən dəyərlərin daşıyıcıları olmalıyıq, daha mübahisə edən tərəflər yox!”

pravda.az

Xəbərlər