Plenar iclaslar, Qanun Layihələri 17 Noyabr 2021, 13:30 | Baxış sayı: 334
"Şəhid ailələrinin evlə təminatı məsələsində normativlərdən imtina etməliyik".

“Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsində problem var. Bütün dövlət qurumlarına çağırış edirik ki, hamısı neçə nəfər şəhid ailəsi və qazini işlə təmin etməsi barədə hesabat versin”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bunu sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin üzərinə atsaq, bu istiqamətdə daha sürətli addımlar gözləmək yersizdir: “Bütün qurumlar bu məsələdə aktiv iştirak etməlidir. Şəhid ailələrinin evlə təminatı məsələsində normativlərdən imtina etməliyik. Bu ümumi yanaşmalar müsbət olmayan yanaşmaları ortaya çıxarır. Mayor Rüfət Əsgərovun ailəsini götürək, dövlətdən ev almasına az qalmış şəhid olub. Onun ailəsinə verilən ev çox kiçikdir. Rüfət Əsgərovun uşaqlarından birinin əlilliyi var. Digər şəhidlərimiz var ki, 19 il, 18 il vətənə xidmət edib, ev alacaqları vaxtı şəhid olub. Onların ailələrinin də evlə təminatı məsələsində problemlər var. Bu məsələlərə diqqət artırılmalıdır, individual olaraq yanaşma tətbiq edilməlidir”.

Xəbərlər