Siyasət 14 Sentyabr 2023, 23:00 | Baxış sayı: 225
"Separatçılar silahları yerə qoyaraq dialoq üçün yalvarmasalar, antiterror əməliyyatı zəruri olacaq"

Sentyabrın 9-da Xankəndində keçirilmiş seçkilər Fransanın ssenarisi üzrə Ermənistanın tapşırığı ilə baş tutub.

Bunu açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputat deyib ki, Ermənistan əvvəlcə Laçın yolunun qarşısında avtomobil karvanı yığaraq saxta humanitar şou yaradaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək istədi: “Bu baş tutmayanda Fransa da bu şouya qoşularaq merlərin rəhbərliyi altında yardım adı altında avtomobilləri Laçın yoluna göndərdi və yenə də beynəlxalq ictimaiyyətin diqqətini yanlış istiqamətə yönləndirməyə çalışdı. Fransalı merlər ondan əvvəl gələnlər kimi Laçın yolunun yaxınlığında selfilər çəkdirərək geri qayıtdılar. Azərbaycan isə Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə iki yük avtomobili ilə 40 ton unu Ağdam -Xankəndi yolu vasitəsilə Xankəndiyə göndərmək üçün yola saldı. Amma separatçılar humanitar yükümüzün Ağdam-Əsgəran yoluna keçməsinə imkan vermədi və yüklər bu gün də öz ünvanına çatmağı gözləməkdədir. Beləliklə, Laçın yolunun bağlanması ilə bağlı saxta humanitar şou iflasa uğradı. Sonra da Rusiya Qırmızı Xaş Komitəsinin dəstəyi ilə Azərbaycanla razılaşdırılaraq bir avtomobillə humanitar yardım yola salındı. Bu humanitar yardım da iki gün Bərdədə gözlədikdən sonra Xankəndiyə buraxıldı. Beləliklə, Azərbaycanın dediyi Ağdam-Xankəndi yolu vasitəsilə yardım baş tutdu. Baş verən hadisələr bir daha göstərdi ki, Xankəndidə heç bir humanitar çətinlik yoxdur və əgər bu baş verərsə, Bakı bütün zəruri vasitələrlə təmin etməyə hazırdır”.

Azər Badamov qeyd edib ki, saxta şoularla beynəlxalq ictimaiyyətin diqqətini cəlb edə bilməyən Ermənistan Fransanın tərtibatı ilə yeni bir ssenari cızdı: “Sentyabrın 9-da Xankəndidə qondarma quruma saxta seçkilər təşkil olundu, separatçılara yeni rəhbər seçildi. Ancaq aparıcı beynəlxalq təşkilatlar və ölkələr qondarma seçkiləri qınadı, Qarabağı Azərbaycanın suveren ərazisi olaraq tanıdıqlarını bir daha bəyan etdilər. Həm də sentyabr ayında Ermənistan Azərbaycanın şərti sərhədində təxribatları intensivləşdirərək vəziyyəti gərginləşdirdi və ona dayaq verənlərin Azərbaycanla müharibəyə qoşulmasını istədi. Amma İran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını bildirərək ölkəmizlə heç bir müharibə etmək fikrində olmadığını bəyan etdi. O cümlədən Rusiya da Ermənistanın Azərbaycanının suveren ərazilərin bütövlüyünün parametrlərini açıqlayaraq tanıdığını bildirərək Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu bir daha bəyan etdi. Paşinyan yenidən müharibə baş verərsə məhv olunacağından qorxaraq yenə də telefon dəstəyi arxasına keçərək ABŞ, Fransa , Almaniya, İran, Gürcüstan rəhbərlərini yığmağa başladı. Heç yerdən bir kömək ala bilməyən Ermənistan qorxaraq sülh müqaviləsi ilə bağlı yenidən Azərbaycanla təcilli müzakirələrin aparılmasına hazır olduğunu bildirdi. Bütün bu proseslər onu göstərdi ki, Ermənistan və Fransanın separatçılıqla bağlı Azərbaycana qarşı həyata keçirmək istədikləri bütün planlar iflasa uğradı. Beləliklə, Ermənistan yenə də təkləndi və dünyadan təcrid olunaraq rəzil vəziyyətə düşdü. Ermənistan hakimiyyəti bütün bu baş verən proseslərdən nəticə çıxartmalı və onun mövcudluğunun açarının Azərbaycanda olduğunu birdəfəlik dərk etməlidir. O cümlədən Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün yalvarmalıdır. Əks halda Ermənistan böyük fəlakətlərlə üzləşəcək”.

Deputat vurğulayıb ki, Azərbaycan öz ərazisində boz zonanın mövcudluğu ilə heç vaxt barışmayacaq: “Qarabağın ermənilər yaşadığı ərazilər Azərbaycanın suveren əraziləridir və buradakı qeyri-qanuni silahlılar tərkisilah olunmalıdır. Bakı Xankəndiyə dialoqla bağlı bir neçə dəfə təklif göndərib. Amma separatçılar təklifimizi qəbul etmədiyindən bir daha belə bir təklif olmayacaq. Əgər separatçılar öz xoşları ilə silahları yerə qoyaraq Bakı ilə dialoq üçün yalvarmasalar, antiterror əməliyyatının keçirilməsi zəruri olacaq. Azərbaycanın mövqeyi qəti və dəyişilməzdir”.

APA

Xəbərlər