Siyasət 20 Sentyabr 2023, 15:29 | Baxış sayı: 101
“Separatçılar Qarabağda məhz AXC-Müsavat hakimiyyəti illərində möhkəmləniblər”

“Qarabağın separatçı rejimin mövcud olduğu ərazilərində Azərbaycanın Konstitusion quruluşunu bərpa etmək məqsədilə antiterror tədbirləri milli məsələdir. Ölkədə bütün üzdə olan siyasi partiyalar da məhz bu səbəbdən siyasi hədəflərini bir kənara qoyub milli birlik nümayiş etdirərək “Xalqımızı Vətən müharibəsində olduğu kimi bu şərəfli işdə də həmrəyliyə, möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı dəstəkləməyə çağıran” bəyanat yaydılar”.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat deyib ki, Əli Kərimli və fəsiləsi Vətən müharibəsində olduğu kimi bu dəfə də haqq işimizdə düşmənlə eyni səfdə oldu:

“Baxmayaraq ki, bu gün Konstitusiya quruluşumuzu bərpa etməkdə olduğumuz ərazilərdə separatçılar məhz AXC-Müsavat hakimiyyəti illərində möhkəmləniblər.  Hakimiyyəti zəbt etmək və iqtidarda qalmaq üçün bu antimilli ünsürlərin Laçını, Kəlbəcəri, Şuşanı satması məhz separatçılara Ermənistanla birbaşa kommunikasiya imkanı yaradıb və separatçı rejim Qarabağda məhz bu antimilli ünsürlərin səbatsız, satqın xisləti ucbatından möhkəmlənib”.

Bəhruz Məhərrəmov qeyd edib ki, AXC-Müsavat siyasi fəaliyyətlərində bütün “uğurlarını” ölkənin uğursuzluqları hesabına əldə edib və bu gün də hər vəchlə Azərbaycanın prosesdən məğlub tərəf kimi çıxmasını arzu edir və bu istiqamətdə sistemli şəkildə fəaliyyət göstərirlər:

“Təsəvvür edin, Tofiq Yaqublu kimi AXC, yoxsa Müsavat sıralarında olması bəlli olmayan biri Azərbaycan diplomatiyasının zəifliyindən dəm vurur? Kimdir güclü diplomat, səfirlik dəhlizlərində boynunu bükən Kərimli, yoxsa Ukrayna səfirliyindən rüsvayçı formada qovulan sən?

Bu gün biz ortaya ümdə məqsədlər qoymuşuq, ərazilərimizi terrorçulardan təmizləyirik, suveren haqlarımızı bərpa edirik. Zərgər dəqiqliyi ilə tədbirlər görülür, biz hətta bu tədbirləri hərbi əməliyyat belə hesab etmirik, rəsmən məqsədimizi bəyan edərək ərzilərimizdə qanunsuz olaraq mövcud olan Ermənistan silahlı qüvvələrinin hissələrini məhv etmək yox, həmin birləşmələrin tərksilah edilərək ərazilərimizdən çıxarılmasını hədəfləyirik. Biz Qarabağın erməni əsilli sakinlərini xunta rejiminin girovluğundan qurtarırıq. Məsələlərin dünyaya bu cür, həqiqətdə olduğu kimi çatdırılması vacib olan şəraitdə özünü “ana müxalifət” adlandıran siyasi cəhətdən bitmiş bir şəbəkə Azərbaycanı “üçüncü Qarabağ müharibəsi”ni başlamaqda ittiham edir. Bu, açıq formada dövlətə və xalqa xəyanət, informasiya müharibəsində Azərbaycana arxadan vurulan zərbədir. Vətən müharibəsindən sonrakı periodda “Xankəndi” davası aparan antimilli ünsürlər bu gün addımımız Xankəndinin kandarındaykən artıq separatçı rejim kimi özlərinin də iflasını duyurlar. Özləri də bilirlər ki, Qarabağda Azərbaycanın Konstitusion quruluşunu bərpa etmək məqsədilə həyata keçirilən antiterror tədbirlərindən narahat olan ünsürlərin tam formada tarixin zibilliyinə göndərilməsi qaçılmazdır”.

demokrat.az

Xəbərlər