Siyasət 20 Sentyabr 2023, 15:53 | Baxış sayı: 223
“Separatçılar mülki ermənilərdən belə istifadə edir”

Ermənistanın son dövrlər artan təxribatı, törətdiyi terrorlar və 2020-ci ilin 10 noyabr tarixində imzalanmış Üçtərəfli Bəyanatın şərtlərinə riayət etməməsi lokal xarakterli antiterror tədbirlərini qaçılmaz etdi. Qondarma rejimin törətdiyi özbaşınalıq, erməni diversantlarının terrorçululuq fəaliyyəti nəticəsində 2020-ci ilin noyabr ayından bu günə qədər 314 nəfər vətəndaşımız təkcə minaların qurbanı olub.

Təəssüf ki, Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəlikləri icra etmək əvəzinə  təxribatlara, sabotajlara davam edir, sülh müqaviləsini imzalamaqdan imtina edir. Rəşadətli Azərbaycan ordusu düşmənin təxribatının qarşısını almaqla antiterror tədbirlərinə başlayıb. Ordumuz hər zamankı kimi məsuliyyətli davranır, yalnız hərbi obyektlərə yüksək dəqiqliklə zərbələr endirir. Hətta təxribatçıya zərbə endirməmişdən qabaq bu barədə mülki əhalini məlumatlandırır. Mülki əhaliyə ərazini tərk etməyi tövsiyə edir, həyata keçirəcəyi tədbirlər zamanı yalnız hərbi obyektlərə ziyan vuracağı barədə öhdəlik götürdüyünü qeyd edir.

Həyata keçirilən antiterror tədbirləri zamanı Ermənistana məxsus olan döyüş vasitələri yüksək peşəkarlıqla sıradan çıxarılır, ordumuzun arsenalında olan müasir silahlarla düşmənin silah-sursatı, hərbi texnikası məhv edilir. Separatçılar mülki erməni əhalisindən istifadə edərək, onları hərbi təyinatlı obyektlərə gətirir və ya silahları yaşayış məntəqələrində yerləşdirirlər. Lakin hərbi qulluqçularımız yüksək peşəkarlıqla davranaraq, mülki vətəndaşların olduğu yerləri hədəf almırlar.

Ölkəmiz dəfələrlə sülh müqaviləsinin imzalanması barədə müraciət etsə də, Ermənistan heç zaman sülhü qəbul etmədi. Müxtəlif bəhanələrlə prosessi yubatmağa çalışır, havadarlarının şirin vədlərinə inanıb hər addımda sülhdən yayınırdı. Məhz havadarlarına arxayın olub hər addımda münasibətləri düzəltmək və sülh şəraitində yaşamaq əvəzinə qarayaxma kompaniyasına cəhd edir. Sonuncu törətdiyi terror hadisələri ilə sülhün mümkünsüzlüyünü nümayiş etdirdi.

Xankəndində olan erməni əsilli Azərbaycan vətəndaşları üçün ölkəmizin qapısı açıq olub. Dəfələrlə reinteqrasiya məsələlərini müzakirə etmək məqsədilə dialoqa dəvət olunub və bu barədə müzakirələrin aparılmasının vacibliyi qeyd edilib. Lakin, onlar da hər dəfəsində bu prosessdən yayınıb, əksinə, hər addımda siyasi “şou” yaratmağa cəhd ediblər. Lokal xarakterli antiterror əməliyyatlarından sonra qeyd olunur ki, Xankəndində yaşayan ermənilər reinteqrasiya məqsədilə Yevlax şəhərində görüşməyə hazırdılar. İllərdir bu prosess onlara təklif olunsa da birgəyaşayışı qəbul etmədilər. Silahlarını təhvil verib, təxribatçı fəaliyyətlərini dayandırmadılar.

Xocavənd rayonunda baş verən terror hadisələri onu deməyə əsas verir ki, Ermənistan çirkin niyyətindən, revanşist hislərindən əl çəkmir. Təhlükəsizliyimizə, konstitusion quruluşumuza qarşı təhdid olaraq qalır, növbəti dəfə təxribat törədəcəklərini heç kəs istisna etmir. Bir daha belə hallar baş verməsin deyə qüdrətli Ordumuz hazırda tarixi missiya həyata keçirir. Xalqımız hər zamankı kimi Prezident İlham Əliyevin yanındadır, Ordumuza dayaqdır, dəstəkdir.

Söhbət ölkəmizin təhlükəsizliyindən gedirsə, bizə yalnız birlik lazımdır. Qərbi Azərbaycan İcmasının bugünkü açıqlamasında Ermənistanın sabotajı,  terrorçuluq fəaliyyəti və sülhün qarşısında əngəl olması qəti şəkildə pislənib. Eləcə də, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevin ətrafında birlik nümayiş etdirir, haqq işinə dəstək olurlar. Düşmənin təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirilən antiterror tədbirlərində dövlətin yanında olmaları barədə birgə Bəyanat imzalayıblar. Partiya mənsubiyyətindən asılı olmayaraq hər kəs Prezidentimizin ətrafında sıx birləşir, bu birliyin vahid amalı var: ölkəmizin təhlükəsizliyi təmin olunsun, terrorçuluğun və bütün növdən olan təxribatların qarşısı alınsın.

İmzalanmış Bəyanatda Xalq Cəbhəsi, Müsavat və Real Partiyalarının adları yoxdur. Görünən odur ki, birliyin-bərabərliyin vacib olduğu bu günlərdə bu partiyalar hələ də xain xislətlərindən əl çəkmirlər. Dövlət başçısının rəhbərliyində aparılan haqq işinə dəstək vermək əvəzinə, pozuculuq fəaliyyətinə cəhd edirlər. Önəmli olan nə onların imzasıdır, nə də ki mövqeyi, lakin qədir bilən Azərbaycan xalqı belə həssas məqamda etdiklərinə görə onları bağışlamayacaq. 1991-93-cü illərdə hakimiyyət böhranı yaradanlar, siyasi ambisiyalarına dövləti qurban verənlər bu gün də qazanılmış qələbəni, ölkəmizin inkişafını, qüdrətini hələ də həzm etmir, qısqanclıq niyyətlərinin əyani şahidi oluruq.

Hazırsa ordumuz tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri uğurlu nəticəsini verməkdədir. Ermənistanın sıradan çıxarılan silahları, məhv edilən qurğuları ilə bərabər mülki şəxslərə hərbi əməliyyatlar yerinin tərk edilməsi, silahlılara yardım edilməməsi barədə Müdafiə Nazirliyimizin yaydığı məlumatlar da müsbət nəticəsini verəcək. Məğlubiyyəti hiss edən separatçılar ən qısa zamanda xunta rejimini ləğv edərək, silahlarını təhvil verməyə və təslim olmağa məcburdurlar.

musavat.com

Xəbərlər