Cəmiyyət, Qanun Layihələri 29 İyul 2022, 16:28 | Baxış sayı: 437
Partiya rəhbərlərindən “Siyasi partiyalar haqqında”  qanun layihəsinin hazırlanmasına reaksiya

Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır. 

Bu məsələ ilə bağlı Meclis.info deputatlardan açıqlama alıb:

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyir ki, konseptual baxımdan belə bir qanun layihəsi hazırlanmasının tərəfdarıdır.
  Qanun layihəsinin işlənməsinin zəruri olduğunu bildirən deputat AVP-nin siyasi partiyaların Azərbaycanın siyasi sistemində rolunun artırılması məsələsində aktiv iştirak edəcəyini deyib:
“Məhz buna xidmət edən təkliflər ortaya qoyacağıq. Bu təklifləri müzakirə prosesində  həm Milli Məclisə, həm də ictimaiyyətin müzakirəsinə təqdim edəcəyik”.


  Müsavat Partiyasının başqanı  Arif Hacılı isə hesab edir ki,  zaman keçdikcə qanunlara dəyişikliklər edilməsi təbii xarakter daşısa da, Azərbaycanda bu hal mürtəce xarakterlidir.

 “Problem qanunlarda deyil, ənənəvi idarəçilik sistemindədir”
  Partiya sədrinin qənaətincə,  belə bir təşəbbüsün hakimiyyət tərəfindən irəli sürülməsi bunun gerçək müxalifət partiyalarının fəaliyyətinə problemlər yaratmaq məqsədi ilə edilməsi fikrinə zəmin yaradır:
Sözügedən təşəbbüsdən heç bir müsbət gözləntisi olmayan Arif Hacılı yeni qanun layihəsinin ölkədə demokratik institutların yaxşılaşdırılmasına xidmət etməyəcəyinə diqqət çəkib.
“Əslində mövcud qanun siyasi partiyaların normal fəaliyyətinə imkan verir. Sadəcə olaraq Azərbaycan hakimiyyəti nə “Siyasi partiyalar haqqında” qanuna, nə də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əməl etmir. Problemlər qanunlarda deyil, ənənəvi idarəçilik sistemindədir” - o, əlavə edib.

  Son olaraq, Arif Hacılı bu məsələni Müsavat Partiyasında müzakirə edib, yaxın zamanlarda partiyanın mövqeyini açıqlayacaqlarını bildirib.


   Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə bildirib ki, MCP bu məsələ ilə bağlı siyasi partiyaların seçkilərdə iştirakına dair təklif irəli sürəcək.
Deputatın fikrincə, əgər partiya seçkidə 2 dəfədən artıq iştirak etmirsə, onun qalmasına ehtiyac yoxdur:
“Axı siyasi partiya seçkilərdə iştirak etmirsə, nəyə lazımdır? Bu, qanunla da təsdiq olunmalıdır ki, siyasi partiyalar seçkidə iştirak etmək üçün yaradılıb”.
Partiya sədrinin qənaətincə, yeni qanun layihəsində bu müddəalar yer alacaqsa, demokratik təsisatlar daha da püxtələşəcək.

Sahibə Qafarovanın artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verdiyi bildirilir.

Xəbərlər