Siyasət 27 Aprel 2023, 8:32 | Baxış sayı: 151
"Seçicilərim mənə zəng vurub soruşurlar ki, Vahid müəllim niyə belə danışıb?"

Bloqer Mehman Hüseynova verdiyi müsahibəyə görə deputat Vahid Əhmədovun məsələsinə Milli Məclisin İntizam Komissiyasında baxılacağı gözlənir.

 

Bu barədə qərarın aprelin 25-də Milli Məclisin iclasında qəbul edildiyi bildirilir.

 

V.Əhmədov aprelin 16-da verdiyi müsahibədə bəzi deputatların bizneslə məşğul olmaları, onların düzgün seçilib-seçilməmələri ilə bağlı fikirlərini dilə gətirmişdi. Habelə, o seçki keçirilərsə, hakim Yeni Azərbaycan Partiyası (YAP) ilə yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyasının da parlamentdə təmsil oluna biləcəyini istisna etməyib.

 

V.Əhmədovun sözlərinə görə, Azərbaycanı idarə etmək çox çətindir, üstəlik, indiki dövrdə dövlətin də apardığı siyasətə müxalifət olmaq o qədər də asan məsələ deyil. "Bizim coğrafi vəziyyətimiz elədir ki, hamının burada gözü var. İndi Türkiyə bizə qardaşdır, bizə çox köməklik etdi müharibədə. Amma yenə gözləri elə buradadır...", - o, sözlərinə əlavə edib.

 

Parlamentdə aprelin 25-də bu məsələ ilə bağlı müzakirələr sosial şəbəkələrin də diqqətini çəkib. Artiq orada "linç kampaniyası", "düz sözə görə cəzalandırma", "söz azadlığının olmaması" kimi dəyərləndirmələr ifadə edilməkdədir.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir və ölkədə bütün hüquqlar, o cümlədən də söz azadlığı qorunur: "Müxalif olmaq olar, tənqidli çıxışlar etmək olar. Vahid müəllim həmişə tənqidi çıxışlar edib və bu, heç vaxt belə reaksiya doğurmamışdı. Niyə məhz indi belə reaksiya oldu? Çünki Vahid Əhmədovun bu çıxışı dövlətçiliyə ziddir".

 

"Vahid Əhmədov niyə hesab edir ki, AXCP, Müsavat xalqın böyük etimadını qazanıb parlamentdə yer tuta bilərlər?", - sual edən Nəsirovun fikrincə, "bu, kökündən yanlışdır".

 

Komitə üzvü hesab edir ki, həmin müsahibədə "ən bağışlanılmaz səhv" V.Əhmədovun Türkiyə ilə bağlı sözləridir: "Ulu Öndər deyib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Türkiyə dövləti, onun ali siyasi rəhbərliyi, şəxsən cənab Ərdoğan Vətən müharibəsinin ilk günlərindən Azərbaycan dövlətinin, xalqının, ordusunun yanında oldu, bizə çox böyük siyasi və mənəvi dəstək verdi. Türkiyədə qarşıda seçkilər gəlir və bunu demək bağışlanmazdır. Seçicilərim mənə zəng vurub soruşurlar ki, Vahid müəllim niyə Türkiyə ilə bağlı belə danışıb?".

Xəbərlər