Cəmiyyət 7 Avqust 2023, 17:29 | Baxış sayı: 113
“Sayın çox olması çoxpartiyalı sistem demək deyil”

“Siyasi partiyalar haqqında” Qanun qüvvəyə mindikdən sonra siyasi sferada canlanma başlayıb. 

Uzun müddət bir çox partiyalarda faktiki fəaliyyətsizlik hökm sürürdü. Bir çoxlarının demək olar ki, kontingenti yox idi və onarın siyasi səhnədə sadəcə quru adı qalmışdı. Bu xüsusda "Siyasi partiyalar haqqında” Qanun qüvvəyə mindiyi tarixdən 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verdi. 

Bəyanatlarda da açıq şəkildə qeyd olundu ki, onlar yeni qanunun tələblərinə cavab verəcək gücdə deyil. Onu da qeyd edək ki, yeni Qanuna əsasən partiyanın azı 5000 üzvü olmalı və üzvlər haqqında dəqiq məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilməlidir. Ədliyyə Nazirliyi üzvlərin sayını (minimum 5 min nəfər) təsdiq etdikdən sonra isə partiya qurultaya getməli və fəaliyyətini yeni qanuna uyğunlaşdırmalıdır. 

Hələlik prosesin ikinci mərhələsi davam edir. Belə ki, 11 iyul tarixinə qədər 27 siyasi partiya üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edib. Reyestr məlumatlarını Ədliyyə Nazirliyinə təqdim edən partiyalardan isə hələlik yalnız hakim Yeni Azərbaycan Partiyası (YAP) qeydiyyata alınıb.

Respublikaçı Alternativ Partiyası (ReAl), Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) , Azərbaycan Demokrat Partiyası (ADP), AĞ Partiya, Azərbaycan Milli İstiqlal Partiyası (AMİP), Azadlıq Partiyası, Ümid Partiyası, Ədalət Partiyası, Azərbaycan Xalq Partiyası (AXP), Milli Cəbhə Partiyası (MCP), Gələcək Azərbaycan Partiyası (GAP), Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) və Böyük Quruluş Partiyasının (BQP) isə sənədləri geri qaytarılıb və nöqsanların aradan qaldırılması üçün partiyalara 1 ay müddət verilib. 

Partiyaların bu mərhələdə “yox” cavabı almasının səbəbləri isə çox hallarda oxşardır. Belə ki, partiyalar bir sıra üzvlərini siyahıya təkrar yazıb, dünyasını dəyişmiş üzvlər siyahıdan çıxarılmayıb, reyestrə göndərilmiş üzvlərinin məlumatları (əsasən telefon nömrələri, yaşayış ünvanları) yanlış göstərilib. Partiyaların siyahısında olanlara nazirlik əməkdaşlarının danışığı nəticəsində həmin partiyanın üzvü olmadığını bildirənlər də olub ki, bütün bu və digər amillər partiyaların “yox” cavabı almasına səbəb olub. Onu da qeyd edək ki, partiyaların qeydiyyat prosesi davam etdirilir və hələ reyestr üçün etdiyi müraciətə cavab gözləyənlər də var. Beləliklə də 27 partiya hazırda təkrar qeydiyyat üçün fəaliyyətini davam etdirir. 

“Siyasi partiyalar haqqında” Qanuna qədər isə ölkədə qeydiyyatdan keçmiş 58 partiya fəaliyyət göstərirdi. Qeyd etdiyimiz kimi, onların da bir çoxunun sadəcə adı var idi, heç bir fəaliyyəti gözə dəymirdi. İndiki  proses həm də siyasi sferada sağlamlaşmaya səbəb olacaq. 

Qeydiyyat üçün müraciət etmiş 27 partiyanın da 10 milyondan bir qədər artıq əhalisi olan Azərbaycan üçün çox hesab olunur. Ümumi olaraq 10-20 arası partiyanın fəaliyyəti ölkə üçün ideal model sayılır. Yuxarıda da qeyd olunduğu kimi, 27 partiya qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib, onlardan da qeydiyyata düşə bilməyən partiyaların olacağı istisna edilmir. 

Mövzu ilə bağlı danışan deputat Bəhruz Məhərrəmov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 54-cü maddəsi ilə vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququ vardır:

“"Siyasi partiyalar haqqında" Qanunun 1-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə qanuna uyğun olaraq könüllülük, üzvlərinin hüquq bərabərliyi, özünüidarə, kollegiallıq, qanunçuluq və aşkarlıq prinsipləri əsasında qeyri-kommersiya hüquqi şəxsi olan siyasi partiyalar təsis edilir. 

Hazırda Azərbaycanda siyasi partiyaların yaradılması, qeydiyyatı və fəaliyyəti ilə bağlı çox aşkar prosedur mövcuddur və siyasi partiyalarla iş dövlətin genişmiqyaslı islahatlar kursunun vacib istiqamətini təşkil edir. Bildiyiniz kimi, artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır və çoxpartiyalı siyasi sistemin təkmilləşdirilməsi üçün artıq qanunvericilik sahəsində müvafiq addımlar atılıb.

Altıncı çağırış Milli Məclisinin ilk iclasında çıxışı zaman cənab İlham Əliyevin də bəyan etdiyi kimi, biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin. Möhtərəm Prezidentin ifadə etdiyi bu hədəfə uyğun olaraq Azərbaycanda çoxpartiyalı sistemin daha da möhkəm əsaslar üzərində qurulması məqsədi ilə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri formalaşıb. Lakin partiyaların sayının süni surətdə artırılması yolu ilə yaradılan ekosistem uğurlu çoxpartiyalı sistem sayıla bilməz”. 

Deputat əlavə edib ki, uğurlu nəticə hasil etməsi üçün ilk növbədə partiyalar qanunun aliliyini və öz məsuliyyətini dərk etməlidir:

“Çoxpartiyalı sistem üçün say önəmli deyil, bu, iki partiya da ola bilər, 27 partiya da. İndiki məqamda hədəf dövlətin və cəmiyyətin həyatında önəmli rol oyanaya bilən, dövlət maraqlarını üstün tutan, ayrı-ayrı güc mərkəzləri üçün rupora çevrilməyən, yaxud beşinci kolon funksiyasını yerinə yetirməyən partiyaların formalaşması olmalıdır ki, partiyanın bu tələblərə cavab verib-verməməsini seçici qiymətləndirərək onu siyasi sistemdə saxlayıb-saxlamamaqla partiyaların sayını tənzimləyə bilər.

Bu gün dövlətin partiyaların sayı ilə bağlı hədəfi, yaxud müəyyən etdiyi bir limiti yoxdur. Qanunvericiliyin tələblərinə uyğun formada siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı şəffaf şəkildə tənzimlənir. Siyasi partiyanın fəaliyyətinin dövlət təminatları mövcuddur. O cümlədən hər kəsin bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna ən yüksək səviyyədə təminat verilir”. 

cebhe.info

Xəbərlər