Siyasət 4 Aprel 2023, 15:03 | Baxış sayı: 123
"Saxlanılan şəxslərin İranla bağlılığı Fazil Mustafaya qarşı törədilən cinayətin sifarişinin İrandan gəldiyini deməyə ciddi əsaslar yaradır"

Martın 28-də hörmətli həmkarımız Fazil Mustafaya qarşı terror aktı törədənlərin məqsədi haqqında əvvəl də yazmışdıq: cəmiyyətdə qorxu, inamsızlıq və xaos yaratmaq; ictimai-siyasi sabitliyi pozmaq; millət vəkillərini, ictimai və siyasi xadimləri susdurmaq və milli maraqlarımızı açıq müdafiə etməkdən çəkindirmək; reallıqda təsir göstərə bilmədiyi dövlətimizə terror yolu ilə təsir etməkdən ibarət idi.

Ancaq bunların heç biri baş vermədi, çünki bu cür alçaq hücumlarla nə dövlətimizi, nə xalqımızı, nə də biz deputatları qorxutmaq mümkün deyil.
Görünür, bu çirkin aktı sifariş edənlər hələ də anlamırlar ki, 44-günlük müharibəni zəfərlə başa çatdıran, dünyaya əsl güc və birlik nümayiş elətdirən Azərbaycan xalqı və dövləti bu kimi xain planların və təxribatların qarşısını almağa qadirdir.

Bu baxımdan, təqdirə layiq haldır ki, çox vaxt keçmədən DİN, DTX və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış nəticəsində Fazil Mustafaya qarşı silahlı hücumda şübhəli bilinən 6 nəfər artıq saxlanılıb.
Bu çox böyük uğurdur.

Çünki, vaxt getdikcə cinayətkarların müəyyən edilməməsi ilə bağlı cəmiyyətdə bir sıra narahatlıqlar, bədbin fikirlər yaranmağa başlayırdı. Hətta, bəzi fürsətcillər və siyasi işbazlar ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətinə və ölkəmizin təhlükəszilik sisteminə kölgə salmağa cəhd edirdilər.
Ancaq hadisə baş verəndən dərhal sonra hörmətli Prezidentimiz cənab İlham Əliyev xain terror aktını sifariş və icra edənlərin tezliklə müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması haqqında hüquq-mühafizə orqanlarına göstəriş verməsi və vəziyyəti şəxsən nəzarətə götürməsi öz bəhrəsini verdi.
Fürsətdən istifadə edib başda cənab Prezident olmaqla DİN, DTX və Baş Prokurorluğun rəhbərlərinə, xüsusilə, gecə-gündüz demədən fədakarlıq göstərərək cinayətkar qrupu ifşa edən bütün əməliyyat işçilərinə dərindən təşəkkür edirəm.

Terrorçuların müəyyən olunaraq istintaqa cəlb olunması dövlətimizin gücünü və qüdrətini bir daha nümayiş etdirdi və hüquq mühafizə orqanlarına inam və etimadı daha da gücləndirdi.

İlkin məlumatlardan bəlli olur ki, cəmiyyətin də düşündüyü kimi, bu terrorun da arxasında, yenə, İran rejimi və onun təhlükəsizlik orqanları durur.
Belə ki, saxlanılan şəxslərin İranla bağlılığı, dəfələrlə bu ölkədə olmaları, sosial şəbəkələrdə İran rejimini açıq və radikal şəkildə təbliğ etmələri Fazil Mustafaya qarşı törədilən cinayətin sifarişinin İrandan gəldiyini deməyə ciddi əsaslar yaradır.

Əminəm ki, istintaq cinayətin bütün detallarını, o cümlədən terrorun sifariş edənlərin əhatə dairəsini tam çılpaqlığı ilə müəyyən edəcək və bu şəxslər ən ağır şəkildə cəzalandırılacaqlar.

Mənbə: Musavat

Xəbərlər