Siyasət 10 Noyabr 2022, 15:43 | Baxış sayı: 193
"Sapı özümüzdən olan baltalar Prezident İlham Əliyevi ittiham edirdilər ki, Elçibəy rus əsgərlərini Azərbaycandan çıxarıb, iqtidar isə bunu etmir"

“Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfər Gününün ikinci ildönümü ilə bağlı Şuşada hərbçilər qarşısında çıxışı zamanı post-müharibə dövrünün prosesləri ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirdi, müvafiq qiymətləndirmələr apardı. Cənab Prezidentin çıxışında ən mühüm tezislərdən biri bu idi ki, Ermənistan İkinci Qarabağ müharibəsindən, eyni zamanda, bu ilin “Fərrux”, “Qisas” əməliyyatları, 12-14 sentyabr hadisələri və bunun nəticəsində aldığı zərbələrdən dərs almalı, nəticə çıxarmalı, boyunlarını büküb öz işləri, daxili məsələləri ilə məşğul olmalı, Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik əl çəkməlidirlər. Əks halda, yenə də “dəmir yumruq”u başları üzərində hiss edəcəklər - bu qədər sadə bir həqiqət var. Ermənistan heç vaxt bunu unutmasın”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Rusiya sülhməramlıları ilə bağlı məsələyə də aydınlıq gətirib “Bu məsələ ətrafında həm Ermənistanda, həm də Azərbaycanın özündə bir sıra anti-milli ünsürlər manipulyasiya ilə məşğuldurlar, ictimai fikri çaşdırmaq istəyirlər. Ermənistanın Baş naziri qeyd edir ki, Qarabağdakı rus sülhməramlılarının dislokasiya müddətinin 15-20 ilə qədər uzadılmasının tərəfdarıdırlar, istənilən vaxt bununla bağlı sənədə imza atmağa hazırdırlar. Bu, ermənilər üçün blefdir, nonsensdir, xülyadır. Eyni zamanda daxilimizdəki səbatsız qüvvələr, sapı özümüzdən olan baltalar da Azərbaycan iqtidarını, cənab Prezident İlham Əliyevi ittiham edirdilər ki, Əbülfəz Elçibəy rus əsgərlərini Azərbaycandan çıxarıb, iqtidar isə bunu etmir. Guya rusiyalı sülhməramlıların Qarabağda dislokasiya müddətinin uzadılması bağlı gizli, məxvi danışıqlar gedir. Növbəti dəfə öz simasızlıqlarını, kimliklərini ortaya qoydular. Məlum oldu ki, bu, onların özlərinin ürəklərindən keçən məsələdir. Çox istəyərdilər ki, məhz belə olsun. Çünki belə olan halda ölkədə onların monipulsiyasiya etmələri, ictimai fikri çaşdırmaları, özlərini qəhrəman kimi göstərmələri üçün münbit şərait yaranır. Amma cənab İlham Əliyevin Şuşada verdiyi bəyanat onların bütün siyasi hoqqabazlıqlarının üstündən xətt çəkdi, onları tərki-silah etdi. Cənab Prezident dedi ki, rus sülhmərlamlılarının Qarabağda dislokasiya müddəti bəllidir və həmin müddət ərzində onlar fəaliyyət göstərəcəklər. Beş il və bundan artıq fəaliyyət yoxdur. Kimlərsə kimlərəsə ümid bəsləyir, onlardan kömək gözləyirsə, bu, onlar üçün növbəti faciə ilə nəticələnəcək. Cənab İlham Əliyev ermənilərə mesaj göndərdi ki, siz rusiyalı sülhməramlı qüvvələrin daha 15-20 il Qarabağda fəaliyyət göstərmələri ilə bağlı xülyalarla yaşamayın. Bu, qeyri-realdır. 2020-ci ilin 10 noyabr sənədində sülhməramlıların fəaliyyət müddətləri 5 il göstərilib. 2025-ci ildə bu müddət başa çatır və sülhməramlıların fəaliyyətinə xitam veriləcək. Artıq reallığı dərk edin, düşünün və çıxış yolu tapın. Çıxış yolu isə Azərbaycanla əməkdaşlıq yolu, post-müharibə dövrünün həllini gözləyən məsələləri ilə bağlı konkret əməli addımlar atmaq yoludur. Ermənistan bunu nə qədər tez dərk etsə, bir o qədər onun üçün yaxşı olacaq”.

Xəbərlər