Ümumi 16 İyun 2023, 18:08 | Baxış sayı: 96
“Sanki kimsə uzun illər cəza çəkdikdən sonra həbsdən azad olunub, bunlar da onun şənliyini keçirirlər...”

“Çox təəssüf ki, məktəblərdəki “Son zəng”, eyni zamanda universitetlərdə keçirilən “Məzun günü” tədbirlərində kriminal aləmi, pis vərdişləri təbliğ edən mahnıların səsləndirilməsinin, bu musiqi sədalarının altında məktəblilərimizin, gənclərimizin rəqs etmələrinin şahidi olduq. Şəxsən məni ən çox narahat edən məqam bu hadisənin məktəb direktorlarının, rəsmilərinin, universitetlərdə həmin tədbirləri təşkil edən rəhbər vəzifədə çalışan insanların gözləri önündə baş verməsidir. Onlar baş verənlərə necə göz yuma bilirlər? Necə ola bilir ki, “uşaqlar əylənir, icazə verin əylənsinlər” deyib bütün bunları gözardı edə bilirlər? Düşünürəm, problemə bu cür bəsit yanaşmaq, onu kiçiltmək gələcəkdə ağır fəsadlar verə bilər. Sanki kimsə uzun illər cəza çəkdikdən sonra həbsdən azad olunub, bunlar da onun şənliyini keçirirlər - belə bir obraz formalaşır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

 

Deputat bildirib ki, bu problemin köklərini axtarıb tapmalıyıq: “İlk növbədə anlamayılıq ki, bu uşaqlar necə ola bilər, gənc yaşlarında təhsilə, gələcəklərini qurmağa yox, məhz pis vərdişlərə, kriminal həyat tərzinə üstünlük verir, təbliğatı ilə məşğul olur, bununla əylənir, zövq alırlar. Məktəb direktorları, yaxud direktor müavinləri nəyə görə yuxarı sinif uşaqlarına söz deyə bilmirlər? Sanki onlardan qorxurlar və yanlarında gözükölgəlidirlər, bunu edəcəkləri təqdirdə nəsə problem baş verə bilər. Bu məqamı da araşdırmalıyıq. Unutmamalıyıq ki, bu, yalnız Elm və Təhsil Nazirliyinin, təhsil işçilərinin deyil, ümumilikdə cəmiyyətimizin problemidir. Çünki məktəbdən sonra məktəblilər, gənclərimiz evdə, valideynlərinin yanında olurlar. Bizim mediada, sosial şəbəkələrdə daha çox nələr təbliğ olunur, sosialyönümlü, ideoloji təbliğat aparılırmı? Aparılırsa belə, deməli, hədəfə çatmır. Valideynlərimiz öz övladlarına tam nəzarət edə bilirlər? Bir sözlə, bu, cəmiyyəti narahat edən, cəmiyyətin də məsuliyyət daşıdığı problemdir. Biz də kənarda durmamalıyıq. Hər kəs əl-ələ verərək bu problemin həllində Elm və Təhsil Nazirliyinə, təhsil işçilərinə dəstək olmalıdır. Bacardığımız qədər çalışmalıyıq ki, yuxarı sinif şagirdlərinin valideynləri uşaqlarını məktəbdən uzaqlaşdırmasınlar”.

 

N.Həmzəyev təəssüflə vurğulayıb ki, yuxarı sinif şagirdləri məktəbə getmirlər: “Bəzən direktorlar, onların müavinləri, sinif rəhbərləri buna göz yumurlar. Valideynlər qəsdən müxtəlif yollar taparaq uşaqlarını məktəbdən uzaqlaşdırır, hazırlıqlara göndərirlər. Çünki testə hazırlaşmağı, gələcəklərini qurmağı bunda görürlər. Bununla təsəlli tapırlar. Fikirləşirlər ki, məktəbə gedib vaxt itirməkdənsə, hazırlığa getsinlər. Nəticədə, universitetə qəbul olsunlar. Düşünürəm, bu yanaşmanı da dəyişməliyik. Şagird 11-ci sinfin sonuncu gününə qədər məktəbə gedib-gəlməli, dərslərini oxumalıdır. Məktəbdən sonra hazırlaşa bilər. Bunlar illərdir yığılıb qalan problemlərdir ki, özünü büruzə verir. Əfsus ki, bəzən bunu görməzdən gəlirik. Yalnız sosial şəbəkələrdə tənqid etməklə sanki problemi həll etdiyimizi düşünürük. Amma gələn il yenə eyni problem olacaq, heç nə dəyişməyəcək, çünki biz bu problemin köklü həllinə töhfə verə bilmirik, köklü həlli ilə bağlı heç bir iş görmürük. Yalnız nazirliyi, məktəb direktorlarını tənqid edirik, valideynlər isə bu prosesdən kənarda qalırlar. Bəzən bu cür hadisələri törədən gənclərimizi, məktəblilərimizi alqışlayırıq, özümüz də bilmədən bu əməllərini təbliğ edirik, yayırıq, digər gənclər də görür, zövq alırlar. Nəticədə hər kəs meyillənir. Hüquq-mühafizə orqanları da bu məsələlərə ciddi yanaşmalı, məktəblərin ətraflarında siqaret satışı, yaxud digər xoşagəlməz halların qarşısını yerindəcə almalıdırlar. Uşaqlarımızın gənc yaşda siqaret və digər pis vərdişlərə meyillənmələrinin qarşısı aiddiyyatı qurumlar tərəfindən alınmalıdır. Ancaq kompleks və koordinasiyalı şəkildə işləyə bilsək, bu bəladan canımızı qurtara bilərik. Onda gələcəyimiz olan şagirdlərimiz, gənclərimiz belə pis vərdişlərin deyil, tamamilə fərqli işləri təbliğ edər, zövq alarlar”.

Xəbərlər