Sahibə Qafarova Qadın Parlamentarilərin iclasına sədrlik edib
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Milli Məclisin sədri İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının önəmindən danışıb, rəhbər vəzifələrdə olan qadınların əsas çağırış və imkanlarını müzakirə etmək üçün mühüm bir platforma təqdim etdiyinə görə Qadın Parlament Qrupuna xüsusi təşəkkürünü bildirib.
Spiker Sahibə Qafarova qeyd edib ki, qadınların hüquqları və gender bərabərliyi kimi məsələlər hələ də gündəmdə qaldığı üçün bu tədbirin mövzusu həqiqətən mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin Sədri Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən bir ölkəni təmsil etməsindən qürur duyduğunu diqqətə çatdırıb. Bildirib ki, bu, 1918-ci ildə, əksər Avropa ölkələrindən çox əvvəl həyata keçirilib. Müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəb, ilk balet və opera da Azərbaycanda açılıb.
Sahibə Qafarova qeyd edib ki, parlamentarilər, xüsusən də qadın millət vəkilləri arasında təmaslar parlamentlərarası əməkdaşlığın vacib hərəkətverici qüvvəsidir. İslam dövlətlərindən daha çox qadın millət vəkilinin müxtəlif parlament təşkilatlarında təmsil olunması vacibdir.
Qadın Parlamentarilərin iclasının ilk sessiyasında çıxış edən Qadın Parlament Qrupunun katibi xanım Munazu Hassan, Pakistan Milli Assambleyasının üzvü xanım Bequm Sadjida Zulfikar Xan, Pakistan Parlamentinin katibi, xarici işlər naziri xanım Andlib Abbas, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və başqaları rəhbər vəzifələrdə olan qadınların regional ticarətin, biznesin, sahibkarlığın inkişafında rolu, regional əməkdaşlığın gələcəyi və digər mövzularda fikirlərini açıqlayıblar.
İclasa yekun vuran Milli Məclisin Sədri Sahibə Qafarova iclasda müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib, Qadın Parlament Qrupuna uğurlar arzulayıb, səsləndirilən fikirlərlə bağlı gələcək görüşlərdə müzakirələr aparılacağını diqqətə çatdırıb.
İclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı da iştirak edib.