Siyasət 30 İyun 2021, 15:36 | Baxış sayı: 336
Sahibə Qafarova Macarıstanın Baş naziri ilə görüşüb.

İyunun 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb.

Baş nazir deyib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti üçün xüsusi qonaqlardır. Baş nazir qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.
S.Qafarova deyib ki, ölkələrimiz arasında əməkdaşlığa dair imzalanmış hüquqi sənədlər mühüm əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsinə dair göstəriciləri diqqətə çatdıran spiker S.Qafarova vurğulayıb ki, ticarət dövriyyəsini artırmaq üçün real potensial daha böyükdür. Sədr qeyd edib ki, Azərbaycan Cənubi Qafqazın böyük bir iqtisadi mərkəzidir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır. Bu yaxınlarda həyata keçirilmiş Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri bu baxımdan böyük əhəmiyyət daşıyır. 

İki ölkə arasındakı parlamentlərarası əlaqələrə toxunan S.Qafarova diqqətə çatdırıb ki, həm Azərbaycan, həm də Macarıstan parlamentlərində qarşılıqlı parlament dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edirlər. Milli Məclisin Sədri qarşıdakı dövrlərdə də tərəflərin bu fəaliyyətə sadiq qalacağına əminliyini ifadə edib. Sədr qeyd edib ki, Macarıstanın həm hökumət, həm də parlament səviyyəsində Türk dünyası ilə iş birliyinin artmasını təşviq etməsi və Macarıstan parlamentinin Türkdilli Ölkələrin Parlament Assambleyasında - TÜRKPA-da müşahidəçi statusuna sahib olması çox sevindiricidir.

Milli Məclisin Sədri Baş nazir V.Orbanın diqqətinə çatdırıb ki, 2020-ci ildə tarixin sınağından qalib çıxan Azərbaycan 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanaraq torpaqlarını Ermənistanın işğalından azad edib. Spiker 44 günlük Vətən müharibəsi dövründə ədalətli mövqe nümayiş etdirdiyinə görə Macarıstan xalqına və dövlətinə özünün və Milli Məclisin adından minnətdarlığını bildirib. 


S.Qafarova ərazilərin minalardan təmizlənməsi işində ANAMA-nın fəaliyyətinə Macarıstan tərəfindən verilən dəstəyə görə minnətdarlıq edib və bunu Macarıstanın dost münasibəti kimi dəyərləndirib.

Xəbərlər