Cəmiyyət 24 Mart 2022, 13:20 | Baxış sayı: 215
“Rusiya-Ukrayna müharibəsinin Suriyadakı müharibə kimi uzun çəkəcəyini hesab etmirəm".

“Rusiya-Ukrayna müharibəsinin Suriyadakı müharibə kimi uzun çəkəcəyini hesab etmirəm. Bu müharibə tezliklə başa çatmalıdır. Nəzərə almaq lazımdır ki, Rusiyanın müharibəyə başlamaqda müəyyən məqsədləri var idi. Fikrimcə, ölkələr razılığa gələrək müharibəni sonlandıracaqlar. Müharibənin aparılması heç bir ölkəyə mənfəət gətirmir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, müharibə Rusiyanın iqtisadiyyatını çökdürür, ölkəni dünyadan təcrid edir, Ukraynanın isə şəhərləri dağılır: “Rusiya-Ukrayna müharibəsi ciddi faciədir və bu faciə uzun çəkə bilməz. Təxminən 10-15 gün ərzində müharibənin bitmə ehtimalı var. Sonra isə ölkələr yenidən danışıqlara gedəcək, əlaqələri bərpa edəcək və inkişafa nail olacaqlar. Sirr deyil ki, bu gün Rusiya iqtisadiyyatı olduqca zəifləyib, milli valyuta kəskin dəyərdən düşüb. Bu, əlbəttə, bir tərəfdən Rusiya iqtisadiyyatı üçün çətinliklər yaradır, digər tərəfdən isə nəzərə almaq lazımdır ki, hər bir böhran növbəti inkişaf üçün ilkin pillədir. Yəni, bunun Rusiyanın daxili inkişafı üçün təməl olacağını düşünürəm. İqtisadiyyatı xaricdən asılı vəziyyətə düşən Rusiya artıq bu problemləri həll edə biləcək. Sanksiyalarla üz-üzə qalan Rusiya özündən biixtiyar şəkildə daxili iqtisadiyyatı inkişaf etdirəcək. Beləliklə, müharibə başa çatandan sonra Rusiya iqtisadiyyatını daha da inkişaf etdirəcək və güclənəcək”.

Xəbərlər