"Rusiya rəsmiləri sülh prosesini durdurmaq üçün Tolstoy kimilərinin dili ilə kartlarını açıq oynamağa başlayıb"
“Son günlər Rusiyada Azərbaycan əleyhinə genişlənən təhdid və hədə-qorxu kampaniyası ciddi narahatlıq doğurur, bu, təsadüfi sayıla bilməz. Ona görə ki, bu hədə-qorxu sadəcə jurnalistlər və ya politoloqlar tərəfindən deyil, artıq siyasətçilər və parlamentin rəhbərliyinə daxil olan şəxslər tərəfindən də səslənməyə başlayır”.
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) komitə sədri Azay Quliyev deyib.
Millət vəkili dediklərinə konkret misal kimi Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun “Azərbaycan, Ermənistan və Ukrayna Rusiyasız mövcud olmayacaq” kimi sərsəm açıqlamasını xatırladıb: “Bu yoldaşı mən yaxşı tanıyıram, belə ki, o, Rusiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəridir və hər zaman bu cür məsuliyyətsiz bəyanatları ilə diqqəti çəkir. Ancaq bu dəfə Tolstoyun (Kremlin) hədəf seçdiyi ölkələr içərisində Azərbaycan və Ermənistanın birlikdə qeyd olunmasının səbəbini müəyyən etmək o qədər də çətin deyil. Moskvanı narahat edən əsas məsələ Ermənistanla Azərbaycan arasında imzalana biləcək sülh sazişi və ya hər hansı bir anlaşma sənədinin mümkünlüyü, bu istiqamətdə Brüssel və Vaşinqtonun son aylar göstərdiyi fəallıqdır. Rusiya hər vəcdlə çalışır ki, iki ölkə arasında sülh olmasın, daim gərginlik və münaqişə vəziyyəti, insanların qətlə yetirilməsi davam etsin ki, regiona nəzarəti itirməsin”.
Azay Quliyev hesab edir ki, Rusiya rəsmiləri sülh prosesini durdurmaq üçün Tolstoy kimilərinin dili ilə kartlarını açıq oynamağa başlayıb: “Hətta Ermənistan və Azərbaycanla yanaşı, nə siyasi, nə fiziki baxımdan mövcud olmayan “Dağlıq Qarabağ” adını da tez-tez səsləndirirlər. Bu açıqlamada da köhnəlmiş imperiya çığırtıları ilə yanaşı, vəziyyətin nəzarətdən çıxdığını ehtiva edən isterikanı sezmək mümkündür. Bu cür açıqlamaların artmasının digər səbəbi NATO-nun keçən həftə Vilnüsdə keçirilən zirvə toplantısında qardaş Türkiyə Cümhuriyyətinin prezidenti cənab Ərdoğanın “Rusiya sülhməramlılarının 2025-ci ildə Qarabağdan çıxarılması haqqında razılaşmanı xatırlatması və bu razılaşmaya Putinin əməl edəcəyinə ümid etdiyi, bu vəziyyətin Prezident İlham Əliyev tərəfindən diqqətdə saxlanıldığı” barədə verdiyi bəyanatdır.
Bu bəyanat bölgədə 44 günlük Vətən müharibəsindən sonra yaranan geosiyasi vəziyyətin 1-ci mərhələsinin məntiqi yekunu kimi qəbul olunmalıdır. Rusiya bilməlidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin qorunub saxlanması ilk növbədə onun marağındadır və ona görə də nə əldə olunan razılığı, nə də münasibətləri pozmadan 2025-ci ildə sülhməramlılar adlandırılan hərbi kontingentini ölkəmizdən çıxartmalıdır. Bu proses sakit və qarşılıqlı maraqlar əsasında həyata keçirilməli, strateji əməkdaşlığa zərər vurulmamalıdır”.
A.Quliyev qeyd edib ki, Rusiya rəsmilərinin bu cür imperialist bəyanatları Vaşinqton və Brüssel üçün də bir çağırışdır: “Hər iki mərkəz sülh sazişinin tezliklə imzalanması üçün Ermənistana təzyiqləri artırmalı, rəsmi İrəvanı revanşist və sülhə zərbə vuran addımlardan çəkinməyə məcbur etməli, beynəlxalq platformaların Ermənistan tərəfindən bu məqsədlə istismar olunmasına imkan verməməlidir”.
musavat.com