Siyasət 21 Avqust 2023, 16:56 | Baxış sayı: 99
"Rusiya pasportu daşıyanlardan sonra Qarabağdakı 10 min terrorçu ölkəmizi tərk etməlidir"

Azərbaycanda erməni separatizminin yenidən dirçəldilməsi üçün nəzərdə tutulan mümkün ssenarilərdən biri də Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya vətəndaşlığı verməklə onları Rusiyanın himayəsində göstərmək və beləliklə separatizm fəaliyyəti üçün yenidən imkanlar əldə etmək idi.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, hələ 44 günlük Vətən müharibəsində təşviş içərisində olan erməni terrorçuları Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırışlar edirdilər: “Bu gün isə Azərbaycanın doğru və dərin strateji diplomatiyası sayəsində Rusiya pasportu daşıyan ermənilər artıq Qarabağımızı tərk edirlər. Bu hadisə sadəcə rus pasportluların ölkəmizi tərk etməsi deyil, həm də Azərbaycan qanunları ilə yaşamaq istəməyən digər ermənilərə verilən mesajdır. Bu, həm də onun göstəricisidir ki, Azərbaycanda “russkiy mir”, yaxud “armyanskiy mir” düzəltmək mümkün deyil. Ona görə də ermənilər baş verənlərdən nəticə çıxarmalıdırlar. Rusiya pasportu daşıyanlardan dərhal sonra Qarabağda mövcud olan 10 min terrorçu ölkəmizi tərk etməlidir. Eyni zamanda Qarabağa 30 illik işğal dövründə Ermənistan və digər ölkələrdən gətirilib yerləşdirilənlər də təcili ərazimizi tərk etməlidirlər. Qarabağda kimin qalıb yaşamaq hüququ əldə edəcəyinə isə Azərbaycan qanunları qərar verəcək. İlkin şərtlər belədir ki, ilk növbədə Azərbaycan qanunlarını pozmayan ermənilərin belə bir şansı ola bilər. Ancaq zaman daralır və ilin sonunadək bu proses başa çatmalıdır. Rus pasportlu Ruben Vardanyana gəldikdə isə onun taleyini də Azərbaycan xüsusi xidmət orqanları lazımı formada həll edəcəklər”.

APA

Xəbərlər