Plenar iclaslar 17 Fevral 2023, 18:11 | Baxış sayı: 245
“Rusiya-Ermənistan münasibətləri qırılma nöqtəsindədir”

Milli Məclisin iclasında çıxış edən deputat Fəzail Ağamalı Ermənistanın fitnəkar davranışlarından bəhs etdi, eyni zamanda Azərbaycan rəhbərliyinin uğurlu siyasətindən danışdı. “Ölkə prezidenti cənab İlham Əliyevin uzaqgörən, müdrik və mürəkkəb diplomatik gedişləri Ermənistanı rəzil və çıxılmaz vəziyyətə salıb. Sərt güclə, yumşaq gücün məharətlə uzlaşdırılması Paşinyanın ermənisayaq hiyləgərliklərini hər addımda iflasa uğratmaqdadır. Vurduğumuz sarsıdıcı zərbələrdən orentasiyasının itirən, düşmüş olduğu ağır durumdan çıxmaq üçün Fransa-İran-Rusiya ücbucağında, əslində Bermud üçbucağında vurnuxan Ermənistan bu gün Rusiya ilə kəskin qarşıdurma vəziyyətindədir. Vaxtilə rəsmi Rusiya tərəfindən hərtərəfli himayə olunan, köməkliklər edilən bu vandal ölkə hazırda Rusiyanın xarici işlər naziri Lavrov tərəfindən haqlı olaraq Azərbaycan torpaqlarını işğal etməkdə ittiham olunur”.

F.Ağamalı qeyd etdi ki, uzun illər boyu Rusiyanın Dövlət Duması və ayrı-ayrı Duma üzvləri tərəfindən müdafiə edilən Ermənistan indi Dumanın sədri Valodinin kəskin hədələrilə üz-üzədir: “Bir sözlə, Rusiya-Ermənistan münasibətləri qırılma nöqtəsindədir və etiraf etmək lazımdır ki, belə bir situasiya ilk növbədə 44 günlük Zəfərdən qaynaqlanaraq, ötən 2 ildə qəhrəman Silahlı qüvvələrimizin atdığı zəruri addımlar və prezidentimizin müdrik diplomatik gedişlərinin məntiqi nəticəsidir. Sistem xarakteri daşıyan və strateji maraqlarımıza xidmət edən mövcud geosiyasi mənzərənin şəriksiz müəllifi möhtərəm, cənab prezident İlham Əliyevdir. Əlbəttə, xarici siyasətimizdə əldə edilən uğurlarda parlament diplomatiyasının da payı şəksizdir. Bu baxımdan hörmətli spikerimiz Sahibə xanım Qafarovanın əməyi danılmazdır. Onun bir neçə gün öncə Rusiya Dövlət Duması və Federasiya Şurasında keçirdiyi görüşlər, səsləndirdiyi bəyanatlar dövlət başçımız cənab İlham Əliyevin xarici siyasətinin tərkib hissəsi kimi öz əhəmiyyətli rolunu oynamaqdadır”.

Xəbərlər