Siyasət 20 İyul 2023, 15:20 | Baxış sayı: 197
“Rusiya bəyanata əməl etsəydi, Qafqazda sülh çoxdan əldə olunardı”

44 gün davam edən qanlı savaş nəticəsində geri alınan Qarabağda qeyri-sabitlik hökm sürməyə davam edir.

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə ermənilərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardımı adı altında qeyri-müəyyən malları, hərbi sursatları Qarabağa daşıması, qeyri-qanuni erməni qruplaşmalarının dəfələrlə atəşkəsi pozması Azərbaycan ictimaiyyətinin əsəblərini tarıma çəkməklə yanaşı, Rusiya-Azərbaycan münasibətlərinə də kölgə salır.

Bütün bu məsələlərlə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iyulun 17-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb. Səfir sadalanan problemləri müavinin diqqətinə çatdırıb, Andrey Rudenko isə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həssas mövzulara öz mövqeyini  bildirib.

Məsələ ilə bağlı “MediaPost”a danışan millət vəkili Hikmət Babaoğlu görüşü təqdirəlayiq hesab etsə də, əslində bu cür xüsusi danışığa ehtiyac olmamalı olduğunu bildirib: “Azərbaycan xarici siyasətinin mövqelərinin dəqiqləşdirilməsi üçün bəzən belə ekstraordinar hadisələrin olması da vacibdir.

Biz bilirik ki, əgər üçtərəfli bəyanata imza atmış qarant ölkə - Rusiya həmin bəyanatda olan bütün maddələrin yerinə yetirilməsinə səy göstərsəydi, bu gün Qafqazda sülh çoxdan əldə olunardı. Biz bunu görmədik, əksinə, sülhməramlılar onların missiyasına aid olmayan məsələlərlə məşğuldurlar. Məhz onların bayraqlarının arxasında gizlənərək erməni terrorçuları bizi atəşə tuturlar”.

Onun sözlərinə görə, indiki mərhələdə bir danışıqla, yaxud bir görüşlə bütün bu məsələlərin həll olunacağını düşünmək sadəlövhlük olardı:

“Sülhməramlılar Azərbaycan ərazisində olduqları müddətcə israrla erməni hərbi birləşmələrinə yardım etməyə davam edəcəklər. Məsələnin ən yaxşı həll yolu Azərbaycan ərazisində olan erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılmasıdır ki, hazırkı mərhələdə Rusiyanın buna səy göstərdiyi hiss olunmur”.

Xəbərlər