Plenar iclaslar 28 İyun 2022, 12:56 | Baxış sayı: 181
"Rəsulzadənin, Topçubaşovun, Fətəli xan Xoyskinin nəşi Bakıya gətirilsin, Fəxri Xiyabanda dəfn edilsin".

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında çıxış edərək bildirdi ki, dövlət büdcəsinin xərclərinin artırılması təqdirəlayiqdir. “Allah dövlətimizi qorusun, millətimizin köməyi olsun, neftin qiyməti də yüksək olaraq qalsın ki, əlavə vəsaitlər xalqımızın rifahına, quruculuq işlərinə sərf olunsun. Ordu günü cənab Prezident Kəlbəcərə, Laçına səfər etdi. Mən Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edirəm. Qarabağda həyata keçirilən tikinti-quruculuq işləri qürur doğurur. Amma yaşlı insanlarımız var ki, işğaldan azad olunmuş yurdlarını ziyarət etmək arzusu ilə dünyadan köçürlər. Hesab edirəm ki, imkanlı insanlara gedib dədə-baba yurdlarını bərpa etmək üçün şərait yaradılmalıdır”, deputat çıxışında bildirdi.

Vaxtilə mərhum prezident Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına abidə ucaldılması barədə sərəncam imzaladığını xatırladan Q.Həsənquliyev həmin sərəncamda Cümhuriyyət qurucularına böyük qiymət verməsi barədə fikirləri oxudu. “Bu gün binaların arasında gizlənmiş Xalq Cümhuriyyətinə abidə nə Azərbaycavn Xalq Cümhuriyyətinə yaraşmır, nə də Azərbaycanı parçalanmaqdan xilas etmiş Heydər Əliyevin imzaladığı sərəncama. Təklif edirəm ki, Bakıda köhnə tikililərin olduğu ərazilərdə iki hektar torpaq alınsın, yeni bir Cümhuriyyət parkı salınsın və orda da Cümhuriyyətə yeni bir abidə qoyulsun. Həmçinin Məhəmməd Əmin Rəsulzadənin nəşi Ankaradan Bakıya gətirilsin, Fəxri Xiyabanda dəfn edilsin. Eyni zamanda Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasında xüsusi xidmətləri olan Əlimərdan bəy Topçubaşovun nəşi Parisdən, Fətəli xan Xoyskinin nəşi Tiflisdən Azərbaycana gətirilsin, burada dəfn edilsin. Biz həm də tariximizə, mənəviyyatımıza pul xərcləməliyik”.

Xəbərlər