Cəmiyyət 7 Dekabr 2021, 17:08 | Baxış sayı: 270
"Rəsul Quliyevin fikirlərində son dövrlər obyektiv münasibətin əmsalı yüksəkdir".

"Sabiq spiker Rəsul Quliyevin son dövrlərdəki fəaliyyətindən bir sıra nəticələr çıxarmaq mümkündür. Birinci nəticə odur ki, əvvəlki vaxtla müqayisədə daha fəal mövqe ortaya qoyur. Həmçinin Azərbaycanda baş verən hadisələrlə bir sıra hallarda mövqe bildirir. Həmçinin qeyd etmək lazımdır ki, Rəsul Quliyevin fikirlərində son dövrlər obyektiv münasibətin əmsalı yüksəkdir. Əvvəllər onun fikir və mövqelərində reallığa adekvat olmayan yanaşma tərzi var idi, subyektiv yanaşmaya meyil hiss olunurdu".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, son dövrlərdə Rəsul Quliyevin xüsusilə Azərbaycan və Ermənistan münasibətləri, həllini tapmayan bir sıra vacib siyasi mövzularla bağlı fikirlərində onun subyektiv yanaşmadan uzaqlaşması hiss olunur: "Onun mövqeyi indi daha çox real həqiqətlərə uyğundur. Bu, müsbət tendensiyadır. Rəsul Quliyevin Azərbaycana qayıdışı məsələsi isə, əlbəttə ki, hüquq mühafizə orqanlarının tənzimləməsi əsasında həyata keçirilməlidir. Azərbaycan hüquqi dövlətdir. Yəni Rəsul Quliyevin ölkəyə qayıdışında hansısa hüquqi mexanizm yoxdur və cinayət əməli yoxdursa, qayıda bilər. Yox əgər fəaliyyətində cinayət tərkibi varsa, o qayıdacağı təqdirdə belə buna hüquqi müstəvidə qiymət veriləcək. Əlbəttə ki, bütün bunları hüquq mühafizə orqanları daha yaxşı bilir".

Xəbərlər