“Rəsmi İrəvan odla oynamağa başlayıb”
“Ermənistanın atmağa hazırlaşdığı son addımlar onu göstərir ki, doğrudan da rəsmi İrəvan odla oynamağa başlayıb”.
Bu sözləri Demokrat.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, beynəlxalq Haaqa Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı qəbul etdiyi orderə münasibətdə rəsmi İrəvan loyal mövqe nümayiş etdirməyə başlayıb:
“Həmin sənədi ratifikasiya etmək istəyir. Düzdür ki, 1998-ci ildə Haaqa Məhkəməsinin hüquqi əsasını təşkil edən Roma statutunu imzalayıb. Amma bunu indiyə qədər təsdiqləməyib. Xüsusilə də 2004-cü ildə Ermənistan Konstitusiya Məhkəməsi bu sənədin ölkə konstitusiyasına zidd olduğu haqda mövqe ortaya qoyub. İndi birdən-birə eyni müvəffəqiyyətlə də Konstitusiya Məhkəməsi Roma statutunun Ermənistanın konstitusiyasına uyğunluğu haqda mövqe bildirir.
Yeri gəlmişkən, Rusiya Prezidentinin mətbuat katibi Peskov da bu fikri təsdiqləyib. Doğrudanmı Ermənistan Putinin həbsinə imkan verən bu sənədi ratifikasiya etmək istəyir? Putin Ermənistanın paytaxtına getdiyi təqdirdə, hüquq-mühafizə orqanları onu həbs edəcək? Bu, inandırıcı versiya deyil. Onda sual yaranır ki, niyə Ermənistan birdən-birə bu məsələdə fəallıq nümayiş etdirməyə başlayıb? Həqiqətən də strateji müttəfiqinə tam şəkildə arxa çevirməyi seçib?
Doğrudan da Ermənistan artıq iki stulda deyil, yalnız birində, Qərbin təmin etdiyi stulda əyləşmək yolunu seçib və bu proses intensivləşib. Məncə, Ermənistan çox gözəl bilir ki, belə bir addım atsa, sözün əsl mənasında Rusiyanın qəzəbinə tuş gələcək. Bunun hansı fəlakətlərə gətirib çıxaracağını da Ermənistan başa düşür".
"Görünür ki, siyasi rəhbərlikləri artıq siyasi alver yolunu seçib. Yəni Kollektiv Təhlükəsizlik Təşkilatından çıxmaq, Rusiyanın 102-ci hərbi bazasının Gümrüdən çıxarılması, indi də Haaqa Məhkəməsinin hüquqi əsasını təşkil edən Roma statutunun ratifikasiya etməklə bağlı mövqeyi Moskvaya təzyiq elementləri özündə ehtiva edir. Bir siyasi alver mənasını kəsb edir.
Başqa sözlə desək, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində mövqe üstünlüyü əldə etmək və Azərbaycandan müəyyən güzəştlər qoparmaq naminə Rusiyaya şantaj siyasətini seçib. Bu yolla çalışır ki, Rusiyanın ermənipərəst mövqeyini tam ciddiyyətlə formalaşdırsın. Nəticədə müəyyən kompromislər əldə edilməsinə nail olsun. Ona görə hesab edirəm ki, Ermənistan parlamentində bu sənədin ratifikasiyası ağılabatan görünmür. Amma dediyim kimi siyasi alver predmeti ola bilər”, - deyə deputat sonda fikirlərini yekunlaşdırıb.