Cəmiyyət 28 İyul 2022, 14:40 | Baxış sayı: 161
"Rəsmi dövlət qurumlarının məlumatı olmadan, ona istinad edilmədən təhlükəsizliyimizlə, ordumuzla bağlı hər hansı yazı vermək cinayət tərkibli hərəkətdir".

“Prezident İlham Əliyev 24 sentyabr 2014-cü ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalayıb. Dövlət sirri təşkil edən məlumatların yayılmasına görə məsuliyyətin gücləndirilməsi sənəddə əksini tapıb. Burda həmçinin qoşunların dislokasiyası, hərbi-siyasi və əməliyyat şəraiti, hərbi sahədə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə bilən digər məlumatların yayılmasının yolverilməzliyi məsələsi də qeyd olunub. Sərəncamda açıq-aydın hər şey deyilir. Buna uyğun müvafiq qanunumuz da var. Sadəcə olaraq, əməl etmək lazımdır. Bilərəkdən, ya bilmədən hərbi sirr xarakterli hər hansı məlumatın icazəsiz, qeyri-qanuni şəkildə mətbuatda verilməsi, efirə getməsi, KİV-də işıqlandırılması düşmənə hərbi sirri, informasiyanı ötürmək deməkdir. Mən bunu belə hesab edirəm”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, rəsmi dövlət qurumlarının məlumatı olmadan, ona istinad edilmədən təhlükəsizliyimizlə, ordumuzla, dövlətçiliyimizlə bağlı özbaşına hər hansı yazı vermək cinayət tərkibli hərəkətdir: “Qanunauyğun qaydada həmin şəxslər cəzalandırılmalıdır. Bu istiqamətdə xəbərdarlıqlar dəfələrlə olunur. Məhdudlaşdırıcı və qadağanedici qanun, müddəalar var. Vaxtaşırı olaraq müvafiq hüquq-mühafizə orqanları bu istiqamətdə ən yüksək səviyyədə xəbərdaredici işlər görür. Baş Prokurorluq, Hərbi Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti qadağanedici xəbərdarlıqlar edir. Kimlərsə bu deyilənləri heçə sayırsa, ağlına gələn informasiyanı icazəsiz, qaydaları pozaraq, özbaşına, səhv və ya düz yayırsa, cəzasını almalıdır. Kimsə gizli yolla düşmənə işləyir, informasiyalar çatdırır, bunun adını qoyuruq “Vətən xaini”, “dövlətə xəyanət” və s. Müəyyən saytlar, informasiya vasitələri, ayrı-ayrı şəxslər, bəlkə də, heç düşünmür ki, verdiyi yanlış dövlətimizin təhlükəsizliyinə, müdafiəsinə nə qədər xələl gətirə bilər. Bəlkə də, məsələni dərk etmədən buna yol verirlər. Lakin bilməlidirlər ki, bu, düşmənin xeyrinə işləyir. Düşmən qüvvələr bu informasiyalardan istifadə edir. Bu, həm də cəmiyyətdə çaşqınlıq salır. Dürüst olmayan, yanlış məlumatlar əsasında cəmiyyətdə də gərginlik yaradır”.

Xəbərlər