Plenar iclaslar 14 Noyabr 2023, 14:18 | Baxış sayı: 169
“Rəqəmlər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradacaq”

Müzakirəmizə təqdim olunan 2024-cü il üzrə Dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil edilmiş sənədlər ilk dəfə olaraq, ərazi bütövlüyü tam bərpa etmiş Azərbaycanın növbəti ildə sosial-iqtisadi inkişafını müəyyənləşdirir və onun əsas prioritetləri quruculuq, əhalinin rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmin olunmasıdır. Öncə bildirmək istəyirəm ki, büdcə zərfi “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının tələbləri nəzərə alınmaqla hazırlanıb və hökumətin müasir dövrün çağırışlarına cavab olaraq hazırladığı sosial-iqtisadi tədbirlərin  maliyyələşdirilməsini təmin etməlidir. Növbəti ildə dövlət büdcəsinin gəlirlərinin 2023-cü illə müqayisədə 282,5 milyon manat artırılaraq 34,2 milyard manata, xərclərinin isə 138,2 milyon manat artırılaraq 36,8 milyard manata çatdırılması bunun əyani sübutudur”.

Bu fikirləri Milli Məclisin noyabrın 13-də keçirilən plenar iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, neft sektorundan asılılığının zəiflədilməsi, qeyri-neft sektorunun inkişafı və diversifikasiyası siyasəti növbəti ilin dövlət büdcəsində də öz əksini tapıb: “Belə ki, büdcə gəlirlərində neft sektorundan daxilolmaların 775,7 milyon manat, yaxud 4,3 faiz azaldılması, qeyri-neft sektorundan daxilolmaların isə təqribən 1,1 milyard manat, yaxud 6,6 faiz çoxalması nəzərdə tutulub. Dövlət büdcəsinin bu parametrləri ölkədə sahibkarlıq fəaliyyətinin inkişafı üçün imkanların  genişləndirilməsini, yeni stimulların yaradılmasını, büdcə-vergi siyasətinin, əmək münasibətlərinin təkmilləşdirilməsini labüdləşdirir. Vergi Məcəlləsinə və digər qanunlara təklif olunan dəyişikliklər də maliyyə axınlarının şəffaflığının artırılmasına, onlar üzərində dövlət nəzarətinin gücləndirilməsinə xidmət edir. Bu dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqinə, vergi inzibatçılığının təkmilləşdirilməsinə, güzəşt və azadolmalara müasir dövrün tələblərinə uyğunlaşdırılmasına yönəlib”.

Səttar Möhbalıyev qeyd edib ki, dövlət büdcəsinin xərclərinin istiqamətləri növbəti ildə hökumətin sosial-iqtisadi sahədə atacaq addımları əks etdirən güzgüdür: “Xərclərin strukturuna baxdıqda görünür ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də əsas hədəflər əhalinin rifah səviyyəsinin yüksəldilməsi, investisiyaların stimullaşdırılması, insan kapitalının inkişafı, ölkənin təhlükəsizliyinin təmin olunmasıdır. Belə ki, növbəti ilin büdcəsində sosialyönümlü xərclərin məbləği əvvəlki illə müqayisədə 7%, təhsil xərcləri 3,2%, elm xərcləri 1,5%, səhiyyə xərcləri 3,7%, sosial müdafiə və sosial təminat xərcləri 5,2%, mədəniyyət, incəsənət informasiya xərcləri 4,3%, müdafiə və milli təhlükəsizlik xərcləri 17% artırılır. İşğaldan azad olunmuş ərazilərdə quruculuq, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi məqsədilə dövlət büdcəsinin ümumi xərclərinin 33,1%-i, yaxud 12,2 milyard manatı əsaslı xərclərin maliyyələşdirilməsi üçün ayrılıb. Bu proqramlar həmin ərazilərdə şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması, mədəni-tarixi abidələrin bərpasına sərf olunacaq. Sadaladığım rəqəmlər göstərir ki, 2024-cü ilin dövlət büdcəsi ölkəmizin gələcək inkişafı üçün etibarlı təməl yaradır”.
AHİK sədri bildirib ki, növbəti il üzrə Ümumi Daxili Məhsulun məbləğinin baza ssenarisi üzrə 2,4% artırılaraq 118,4 milyard manata çatdırılması, orta illik inflyasiyanın isə cari ilə müqayisədə 4,2 faiz bənd azaldılaraq 5,3 səviyyəsinə endirilməsi  proqnozlaşdırılır: “Dünyada baş verən geosiyasi təlatümləri, dünyanın əksər dövlətlərində bu göstəricilərin daha pessimist ssenari üzrə nəzərdə tutulduğunu nəzərə alsaq,  bu artımı məqbul hesab etmək olar. Təbii ki, bu hədəflərə nail olunması Azərbaycan hökuməti qarşısında mühüm vəzifələr qoyur”. 

Xəbərlər