Cəmiyyət 21 Sentyabr 2022, 17:54 | Baxış sayı: 255
“Reproduktiv sağlamlıq haqqında” qanun olmadığı üçün insanlara kömək edə bilmirik”

“Mən həm də parlamentin Səhiyyə komitəsinin üzvüyəm, biz payız sessiyasında “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini qəbul etmək istəyirik”.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, cəmiyyətin mühafizəyə qarşı olan həssaslığından ötrü 15 ildən çoxdur ki, bu qanun qəbul edilə bilmir: “Qanun mükəmməl dildə yazılıb, beynəlxalq təcrübəyə istinad edilib. Amma sanki biz ictimaiyyətin təsirindən qorxaraq, bu qanunu qəbul etməkdə çətinlik çəkirik. Əlbəttə, bu, həssas mövzudur. Burada qadınlara aid olan hissəni də nəzərə alsaq, sizin komitə ilə Səhiyyə komitəsinin bu qanun layihəsi ilə bağlı ortaq dinləmənin keçirməsinə ehtiyac var. Bir qadının ana olma haqqı qədər önəmli olan heç nə yoxdur. Biz bu gün bu problemdən əziyyət çəkən insanlara bu qanun olmadığı üçün kömək edə bilmirik. Milli Məclis qanunvericilik bazası olaraq da cəmiyyət qarşısında bununla bağlı məsuliyyəti var”.

Komitə sədri Hicran Hüseynova isə bildirib ki, bu qanun layihəsi ilə bağlı maarifləndirmə işi aparılmır: “Mən hələ eşitməmişəm ki, bu qanunu hazırlayan insanlar çıxıb bu qanun barədə danışsınlar, əhalini maarifləndirsinlər. Bu olmur deyə cəmiyyətdə bu qanuna qarşı belə aqressiya var. Bu qanun haqqında o qədər maarifləndirici söhbət getməlidir ki, insanlar bu qanunun faydalarını başa düşsünlər”.

 

Mənbə: apa.az

Xəbərlər