İctimai Dinləmə 15 Dekabr 2022, 13:34 | Baxış sayı: 160
“Repetitorluğa son qoyulmalıdır”

“Biz təhsildə köklü islahatlara getməliyik”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda
keçirilən ictimai dinləmədə deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, sertifikasiyadan keçməyən şəxslərin yerini tutmağa hazır müəllimlər varsa, dərhal onların yerlərinə götürülməlidir: “Çox savadlı müəllimlər var ki, onlar tədris etdikləri fənni şagirdə sevdirə bilmir. Müəllim gərək fənnə maraq yaratsın ki, onu şagird özü oxusun. Müəllimlərimizin çox təəssüf ki, tədris etdikləri fənni belə bilməmələri faktı var”.

Deputat bir sıra təkliflərlə çıxış edib: “Birinci növbədə repetitorluğa son qoyulmalıdır. Bu gün repetitorluğun aradan qaldırılmasının tək yolu orta məktəb buraxılış imtahanlarına uyğun ali məktəblərə qəbulun həyata keçirilməsidir. İkincisi, özəl məktəblərin tikintisi stimullaşdırılmalıdır. Çoxlu sayda özəl məktəb tikilsə, bizim müəyyən vəsaitə qənaət etmək imkanımız olacaq ki, dövlət məktəblərindəki müəllimlərin əməkhaqqısı artsın. Universitetlər özəlləşdirilməlidir. Digər tərəfdən bizim konstitusiya və “Dövlət qulluğu haqqında” qanunla deputatlara elmi işlər müdafiə etmək qadağan edilib. Bu nə biabırçılıqdır! Keçmiş sovet respublikalarında belə qayda var idi ki, ziyalıların övladları hüquq oxumasın. Bu qərar da ona bənzəyir”.

 

Xəbərlər