“Real partiyasının üzləşdiyi bu reallıq digər partiyalar üçün də bir ibrət dərsi olmalıdır”
“Siyasi partiyalar haqqında” yeni qanunun tələbi ondan ibarətdir ki, partiyaların yenidən qeydiyyatdan keçməsi üçün üzvlərinin sayı minimum 5 min nəfər olmalıdır. Bu sahədə qüsurlar, nöqsanlar üzə çıxarılacağı təqdirdə partiyaya əlavə şans verilir ki, bu qüsur və nöqsanları 1 ay ərzində aradan qaldırsın. Real partiyası 5 min 100 nəfər üzvün olduğu ilə bağlı müvafiq sənədləri Ədliyyə Nazirliyinə təqdim edib və yoxlamalar nəticəsində məlum olub ki, faktiki olaraq dünyasını dəyişən partiya üzvü hələ də partiya üzvü olaraq qeydiyyatdadır. Eyni zamanda, Ədliyyə Nazirliyindən təqdim edilmiş üzvlərə zənglər edilərkən məlum olub ki, onların böyük bir qisminin ümumiyyətlə Real partiyası ilə əlaqəsi yoxdur. Partiyanın komitə üzvü Natiq Cəfərli isə deyir ki, partiyanın qeydiyyatı həyata keçirilməyəcəyi təqdirdə onların nümayəndəsi Erkin Qədirli deputat mandatından imtina edəcək.
Millət vəkili Elman Nəsirov açıqlamasında bildirib ki, REAL partiyası üzvlərinin az olmasına görə günahı özündə görməlidir:
“Bu onların öz hüquqlarıdır. Hesab edirəm ki, ilk növbədə onlar nəticəylə yox, səbəblə mübarizə aparsınlar. Səbəb də odur ki, niyə yalandan üzvlərinizin sayını 5 min 100-ə qaldırmısız? Olmazdı ki, əməlli-başlı işləyəsiniz, sosial-bazaya malik olasınız, insanlar sizin partiyanın üzvü olmaq istəyərdilər. Ancaq bu baş vermədi, günahı özlərində görsünlər. Səhv etmirəmsə 463 nəfər onların partiyasına üzvdür. Ədliyyə Nazirliyi bunu sadəcə demir, faktlarla da sübut edir. Əks-arqument qoysunlar. Desinlər ki, Ədliyyə Nazirliyi düz demir, bizim filan qədər ölücanımız yoxdur, dünyasını dəyişənlər partiya üzvü deyil. Ədliyyə Nazirliyinin qoyduğu kontur məsələyə kontur arqumentlə cavab versinlər. Onlar bunu bacarmırlar, bacardıqları sadəcə bizim deputatımız öz mandatlığından məhrum edəcək…etsin bundan heç kim uduzmayacaq. Bu digər partiyalara da dərs olmalıdır. Saxtakarlığa yol verməsinlər və hesab edirəm ki, Real partiyasının üzləşdiyi bu reallıq digər partiyalar üçün də bir ibrət dərsi olmalıdır”.
news365.az