Plenar iclaslar 13 İyun 2023, 13:54 | Baxış sayı: 181
"Ərdoğanın şanlı qələbəsinin sevincini bizimlə bölüşməsi XXI əsrin Türk əsri olacağının müjdəsidir"

“Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan seçkilərdə inamlı qələbəsindən sonra ilk səfərini Azərbaycana etdi. Üstəlik, bu təşrif diplomatik protokol təsnifatında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəsini ehtiva edən Dövlət səfəri kimi reallaşdı”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov deyib

Deputat bildirib ki, bu seçkilər Türkiyə üçün ikinci Çanaqqala savaşı idi və müdrik Türk xalqı yenidən Ərdoğan deməklə parçalanmanın, potensial vətəndaş müharibəsinin qarşısını aldı, Türkiyə marionet dövlətə çevrilmək təhlükəsindən xilas oldu: “Bu gərgin periodda Türkiyə eyni zamanda dostunun düşməninin kim olduğunu bir daha gördü.

Türkiyə Qurtuluş savaşından 1 əsr sonra, cənab İlham Əliyevin simasında böyük Azərbaycan xalqının dar günün dostu olduğuna növbəti dəfə şahidlik etdi.

Aydındır ki, güclü Türkiyə güclü Azərbaycan deməkdir. Amma mürəkkəb siyasi situasiyada cənab İlham Əliyev göstərdi ki, həm də güclü Azərbaycan elə güclü Türkiyə deməkdir.

Yəni bu gün biz, dostlarımıza ən azı dəstək gördüyümüz qədər, bəlkə də daha artıq formada kömək etməyə qadir gücük. Budur cənab İlham Əliyevin yaratdığı reallıq.

Təsadüfi deyil ki, cənab Ərdoğanın seçkidəki rəqibləri onun özü ilə bərabər, həm də Türkiyəni güclü edən Azərbaycanı hədəfə almışdılar, amma o adamlar da, onların Çinə çəkəcəkləri yol da, Azərbaycanda facebook statuslarını onların fotoları ilə süsləyən kəsim də getdi cənab prezident demişkən o məşhur “statusun” yanına...

Ümumiyyətlə, bizim coğrafiyada türklük kəlməsi çox istismar edilib, qətiyyətsiz, səriştəsiz və yersiz addımlarla, hətta ötən əsrin 90-cı illərində Türklüyü bu ölkədə milli ədavət alətinə çevirmişdilər. Amma məsələlərə açıq gözlə baxmaq lazımdır, gözləntilər reallıq əsasında olmalıdır”.

Deputatın sözlərinə görə, müasir dünyada gedən proseslər göstərir ki, eyni kökdən olmaq hələ yaxşı münasibətlər üçün əsas deyil: “Eyni mənşəni, eyni dili təmsil edən, lakin düşmən olan beynəlxalq subyektlər var. Bu mənada, heç kəs unutmasın ki, Türkiyə ilə Azərbaycanı eyni dil, eyni kökdən daha çox qətiyyətli siyasi iradə birləşdirir. Və biz müttəfiqliyimizi Şuşa bəyannaməsinə qədər tarixi proseslərin təbii axarında yüksəltməmişik.

Bunun kökündə zəfərimiz dayanır, əmək dayanır, qətiyyət dayanır və siyasi iradə dayanır.

Bu mənada Şuşa Bəyannaməsinin ikinci ildönümündə cənab Rəcəb Tayyib Ərdoğanın Bakı səfəri, şanlı qələbəsinin sevincini bizimlə bölüşməsi - bu iradənin davam edəcəyi və XXI əsrin Türk əsri olacağının müjdəsidir.

Bizim gücümüz, bizim Birliyimiz, cənab Prezidentin dediyi kimi “bir millət iki dövlət və bir yumruq” olmağımız isə bölgəmizdə sülhün, təhlükəsizliyin yeganə qarantıdır”.

APA

Xəbərlər