“Ərdoğanın partiyası yox, özü seçkidə qalib gələcək"
Xəbər verdiyimiz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərdə müxalifətin vahid namizədi Kamal Kılıçdaroğlu oldu. Türkiyə Böyük Millət Məclisində təmsil olunan digər partiya - Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan keçmiş sədri Səlahəddin Dəmirtaş da Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini bildirib. Bu da kürd millətindən olan seçicilərin böyük əksəriyyətinin Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini ehtimal etməyə əsas verir. Digər tərəfdən Kamal Kılıçdaroğlunun "Millət İttifaqı" blokunda əsas müttəfiqi İYİ Partiyanın sədri Meral Akşener de bu günlərdə HDP bizimlə birlikdə ola bilməz deyərək öz mövqeyini qəti şəkildə ortaya qoydu.
Maraqlıdır, belə olan surətdə Kamal Kılıçdaroğlu HDP ilə necə ittifaqa gedə bilər? HDP-nin Kılıçdaroğlunu dəstəkləməsi yenidən namizədliyini irəli sürəcək hazırki preident Rəcəb Tayyib Ərdoğana problem yaradacaqmı? Bu məsələ İYİ partiyanın sədri olan Meral Akşenerin ittifaqdan çıxmasına səbəb ola bilərmi? Görünən o ki, seçki öncəsi Türkiyə siyasi mühitində maraqlı olaylar yaşanır.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Asim Mollazadənin sözlərinə görə, Türkiyə müxalifətində təmsil olunan siyasi qrupların imkanları azdı və çox güman ki, Ərdoğan bu seçkilərdən qalib çıxa biləcək.
"Lakin mən əmin deyiləm ki, parlament seçkilərində Ərdoğanın partiyası tam qalib gələcək. Amma amma prezident seçkisinin qalibi Rəcəb Tayyib Ərdoğan olacaq",- deyən deputat, Kamal Kılıçdaroğlunun HDP ilə ittifaqa getməsi ilə seçki öncəsi həm onun təmsil olunduğu "Millət İttifaqında", həm də qardaş ölkənin siyasi mühitində gərginliyin artacağını qeyd etdi:
“Koalisiyanın daxilində gərginlik olacaq. Xatırlatmaq istəyirəm ki, bir neçə dəfə parlament seçkilərində Kamal Kılıçdaroğlunun və onun partiyasının məğlubiyyəti olub. AKP və Ərdoğan qabiliyyətə yaxındır. Bu ondan asıllıdır ki, zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün Türkiyə höküməti çox böyük işlər görməlidir. Lakin buna da zaman lazımdır”.