Siyasət 26 Sentyabr 2023, 15:51 | Baxış sayı: 80
“Ərdoğanın Naxçıvana səfəri region ölkələrini Cənubi Qafqazda dayanıqlı sülh üçün səy göstərməyə təşviq edəcək”

“44 günlük Vətən müharibəsi bitdikdən sonra Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalandı. Daha sonra Prezident Ərdoğan Füzuli və Zəngilan hava limanlarının açılışında iştirak etdi. 2023-cü ildə yenidən prezident seçildikdən sonra ilk rəsmi səfərini məhz Azərbaycana etdi. Naxçıvana səfər Türkiyə liderinin bu il ölkəmizə ikinci səfəridir. Bu həm də dərin rəmzi məna daşıyır”. 

Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. O qeyd edib ki, Naxçıvan ölkə üçün əhəmiyyətli bölgədir:

“İlk növbədə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın təbii qazla təmin edilməsi üçün alternativ İğdır – Naxçıvan boru kəmərinin təməli qoyuldu, Hərbi Kompleksin açılışı həyata keçirildi. Bu da bölgənin ölkə üçün nə dərəcədə əhəmiyyətli olduğunu deməyə əsas verir. Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliyi var, bunu yetirməsi üçün anlamalıdır ki, Azərbaycanla təhdid və güc dili ilə danışmaq olmaz. Zəngəzur dəhlizinin açılması, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi məqsədilə müasir hərbi kompleksin yaradılması çox önəmlidir. Azərbaycan Vətən müharibəsindən sonra komanda tipli hərbi birləşmələr yaradır, Naxçıvanda da bu proses həyata keçirilir”.

Deputatın fikrincə,Ərdoğanın Azərbaycana səfəri Zəngəzur koridoru ilə bağlı bir çox məsələlərin reallaşması baxımındanda önəmlidir:

“Eyni zamanda Türk Dövlətləri Təşkilatının iqtisadi cəhətdən daha da inkişaf etməsi üçün quru əlaqələrinin mövcudluğu zəruridir. Yükdaşımalarda Çindən Avropaya uzanan marşrut üzrə daha sürətli və ucuz başa gələn alternativ yol məhz bu dəhlizin açılmasını zəruri edir. 

Düşünürəm ki, yaxın vaxtlarda dördlü formatda Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan rəhbərlərinin birgə görüşü də reallaşa bilər. Bu da regional problemlərin birlikdə həlli, Zəngəzur dəhlizinin açılması, regional təhdidlərin aradan qaldırılmasında birgə səylərin artırılması üçün əla fürsət ola bilər. 

Yaxın gələcəkdə 3+3 formatı da reallaşa bilər ki, burada İran və Gürcüstanın da masaya əyləşməsi şərtdir. Hesab edirəm ki, region dövlətləri bir araya gələcəyi təqdirdə Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülh şəraiti təmin oluna bilər. Azərbaycan bunun üçün bütün imkanlarını səfərbər edib. Ümid edək ki, Ermənistan da proseslərə töhfə verəcək”

demokrat.az

Xəbərlər