Siyasət 23 May 2023, 16:36 | Baxış sayı: 189
“Ərdoğan bizə hələ bir neçə il də lazımdır...”

“Rəcəb Tayyib Ərdoğanın müdafiəsi məsələsində Azərbaycan hakimiyyətinin istəyi ilə Azərbaycan dövlətinin mövqeyi üst-üstə düşür. Sinan Oğan seçimini hakimiyyətin istəyi ilə edirsə də, bu, Azərbaycan və Türkiyə dövlətinin yalnız xeyrinədir. Ərdoğan bizim üçün hələ bir neçə il də lazımdır. O, Azərbaycan üçün çox vacib bir dövlət başçısıdır. Elə bu gecə Sinan Oğanla bağlı “TRT 1”ə verdiyi müsahibəsində də Azərbaycan dövlətini və onun başçısı İlham Əliyevin rolunu xüsusilə qeyd edib. Ərdoğan bildirdi ki, İlham Əliyev başda olmaqla, türk dövlətləri ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində iş aparacaq. Sinan Oğanın da istəyi bundan ibarətdir. Hakimiyyətin istəyi dövlətin istəyi ilə ayrı olsaydı, deyərdim ki, bunu fərqləndirmək lazımdır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

Deputat hesab edir ki, Azərbaycan dövləti də Sinan Oğanı kifayət qədər qiymətləndirir: “Oğan 1992-ci ildən Azərbaycanda müxtəlif vəzifələrdə çalışıb. Əslən azərbaycanlıdır və Azərbaycan dövlətinin mənafeyi onun üçün vacibdir. Təkrar edirəm, dövlət və hakimiyyətin marağı bu məsələdə eynidir. Mən öz partiyam adından da təşəkkür edirəm ki, Sinan Oğan bu cür addım atdı, ürəyimiz bir az rahatladı. Artıq Ərdoğanın qalib gəlməsinə heç bir şübhə yeri qalmadı. Çünki millətçi, türk dövlətlərini istəyən, terrorbaşına nifrət edən kəsim Oğanı müdafiə edirdi və onlar məmnuniyyətlə Ərdoğanı da müdafiə edəcəklər, nəinki az qala “PKKbaşı” Öcalanı buraxmaq vədini verən Kılıçdaroğlunu...”

Xəbərlər