Cəmiyyət 21 Yanvar 2022, 15:12 | Baxış sayı: 239
"Ramiz Mehdiyev daha çox elmdən uzaq məsələlərlə məşğuldur, inzibatı amirlik metodlarından istifadə edir".

“İzləyirdim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun baş direktoru Kərim Şükürov yayılan xəbərlərə aydınlıq gətirəcək: ya təsdiqləyəcək, ya da təkzib edəcək. Çünki bəzən mediada təhrif edilmiş informasiyalar da yayılır. İndiyə qədər isə məsələ ilə bağlı fərqli informasiya ilə rastlaşmamışıq. Kərim Şükürov kifayət qədər savadlı adamdır, Azərbaycanın tanınmış tarixçilərindən biridir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat bildirib ki, fikirlərə aydınlıq gətirilmədiyi üçün bu barədə dəqiq söz demək çətindir, amma əgər məlumatlar təsdiqini taparsa, çox mənfi haldır.

“Mətbuatda yayılan məlumatlara görə, Kərim Şükürov istefa ərizəsi yazıb və istefasını AMEA-nın daxilində işlərin heç də qaydasında getmədiyi və koronavirusa yoluxduğu zaman AMEA rəhbərliyinin ona qarşı diqqətsizliyi ilə əsaslandırıb. Mətuatda iddia olunur ki, Kərim Şükürov Tarix İnstitutuna münasibətdə ögeylik hiss edildiyini qeyd edib. Həmçinin bildirilib ki, Ramiz Mehdiyev daha çox elmdən uzaq məsələlərlə məşğuldur, inzibatı amirlik metodlarından istifadə edir. Təbii ki, AMEA-nın rəhbərliyində belə ayrı-seçkilik olması mənfi haldır. Həm də Tarix İnstitutu kimi çox mühüm strateji sahəyə ögey münasibət saxlamaq qəbuledilməzdir. Əgər deyilən doğrudursa, deməli AMEA-nın daxilində heç də hər şey qaydasında deyil”, - deyə E.Nəsirov qeyd edib.

Xəbərlər