“Radikal müxalifət məzmun etibarilə “yan” soyadını daşıyan şəxslərdən ibarətdir”
“Azərbaycan müxalifətinin radikal kəsimi ermənidən çox erməni olmaq iddiasındadır. Bu, əslində iddia da deyil. İndi də məsələ qaldırıblar ki, Qarabağda yaşayan ermənilər Azərbaycana inteqrasiya olacaqları təqdirdə onlara “uşaqpulu” veriləcəkmi? Sualın qoyuluşu və yanaşma bir daha bunu göstərir ki, təpədən-dırnağa qədər ermənipərəst məxluqlardırlar. Məsələni elə qoyurlar ki, ermənilər bu faktordan istifadə etsinlər, inteqrasiya prosesindən yayınmaq üçün bu amili qabartsınlar. Qeyd edim ki, Azərbaycanda “uşaqpulu” adı altında vəsait verilməsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ehtiyacı olan ailələrə, onların övladlarına çoxsaylı müavinətlər verilir. Fiziki sağlamlığında problem olan uşaqlara, çoxuşaqlı ailələrə yardımlar göstərilir. Ancaq “klaviatura qəhrəmanları” bunların heç birini görmək istəmir. Onlar elə sözün həqiqi mənasında ermənidən çox ermənidirlər. Səsləndirdikləri fikirlər də anti-milli mahiyyət və məzmun kəsb edir, erməni dəyirmanına su tökməkdən başqa bir şey deyil. Həmin o radikal müxalifətin şəxsiyyət vəsiqəsində azərbaycanlı ad və soyadı öz əksini tapsa da, bu, sadəcə, formadır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputat Elman Nəsirov deyib.
Deputat bildirib ki, radikal müxalifət məzmun etibarilə “yan” soyadını daşıyan şəxslərdən ibarətdir: “Onlara “şəxs” demək mümkündürsə... Bir çox hallarda o qədər anti-Azərbaycan, anti-milli davranış ortaya qoyurlar ki, onları “məxluq”, “siyasi məxluq” adlandırmaq daha düzgün olardı. Onları bir şey maraqlandırır - necə edək ki, Azərbaycanda hər şey pis olsun, Azərbaycan dövləti və onun ali siyasi rəhbərliyinin ölkəmizin bundan sonrakı inkişafını təmin edəcək yollara kölgə salaq, Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası və Azərbaycan pasportu daşımaları mümkün olmasın, Azərbaycan iqtidarı bu problemi həll edə bilməsin? Çünki bu problemi həll etdikcə iqtidarın nüfuzu xalq arasında daha da güclənir. Onsuz da güclüdür. Həmin o radikal kəsim Ermənistanla Azərbaycan sərhədində növbəti mühüm qələbəmiz olan nəzarət-buraxılış məntəqəsinin açılmasına bir kəlimə də müsbət mövqe bildirmir. Çünki bu, onları narahat edir. Bu, Azərbaycan dövlətinin, dövlətçiliyinin, iqtidarın növbəti mühüm tarixi qələbəsidir. Amma onlara Azərbaycan dövlətinin qələbəsi lazım deyil. Azərbaycan, Azərbaycan xalqı üçün nə pisdirsə, o, radikal müxalifət üçün bir o qədər yaxşıdır. Bu mənqit işləyir. Xalqımızın gözü tərəzidir, ağı qaradan seçməyi bacarır. Xalqımız görür ki, radikal müxalifət nə qədər anti-milli, xəyanətkar, dönükdür. Hər yeni mövqe ortaya qoyduqca onların satqınlıqları bir o qədər üzə çıxır. Hesab edirəm, bu gün radikal müxalifət davranışı ilə özü öz qəbrini qazır”.