Siyasət 15 Dekabr 2023, 15:42 | Baxış sayı: 227
“Radikal müxalifət istəyir ki, Azərbaycanın Rusiya ilə münasibətləri pis olsun, çünki ermənilər sevinəcəklər”

“Azərbaycanın radikal müxalifəti yenə köhnə ampluasındadır. Yenə də öz xislətinə uyğun olaraq yalan, şər, böhtan ixrac etməklə məşğuldur. İndi də Azərbaycan hakimiyyətini ittiham edirlər ki, guya “Azərbaycan iqtidarı seçimini edib və Rusiyaya yaxınlaşıb, bu xarici siyasət kursunda da özünü göstərir”. Yanaşma kökündən yanlışdır. Cənab Prezident İlham Əliyev müstəqil, milli maraqlara söykənən siyasət həyata keçirir. Bu, müxtəlif güc mərkəzlərinə bərabər məsafədə dayanmağı bacaran siyasətdir. Azərbaycanın Rusiya ilə münasibətlərinin yaxşı olması heç bir halda üçüncü tərəfi, məsələn, ABŞ-ni hədəf almayıb. Vaşinqtonda da bunu çox gözəl dərk edirlər. Eyni zamanda, Azərbaycanın Vaşinqtonla münasibətlərində bu və ya digər hallarda istiləşmə qətiyyən Moskvaya qarşı yönəlməyib. Bunu Kremldə də gözəl bilirlər. Bu səbəbdən Azərbaycan Prezidentinə çox böyük inam və etimad var”.

 

Bu sözləri açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, müstəqil siyasət həyata keçirmək hazırkı vaxtda çox qəliz, çətin məsələdir: “Bunu cənab İlham Əliyev bacarır. Cənab Prezident deyir ki, “Ən rahatı böyük bir dövlətin qanadları arasına sığınıb özünü qorumaqdan ibarətdir. Amma biz bu yolu seçmədik. Biz daha çətin, lakin şərəfli yolu seçdik, bu da müstəqillik yoludur!” Çünki böyük bir dövlətin qanadları arasına sığındıqda onun tələblərinə əməl etməlisən, bu tələblər isə nəticə etibarilə dövlət, millət üçün ciddi təhdidlər də yarada bilər. Buna görə də bizim üçün ən vacibi müstəqil siyasətdir və cənab Prezident bunu həyata keçirir. Bəli, Rusiya ilə münasibətlərimizin yaxşı olmasında maraqlı tərəfik, çünki Rusiya qonşumuzdur. Biz əbədi qonşularıq, qonşularla münasibətlərin yaxşı olması çox vacib şərtdir. Ermənistandan savayı bütün qonşularımızla münasibətlərimiz hər zaman yaxşı olub. İndi Ermənistanla da münasibətlərimizin normal səviyyədə olmasında maraqlıyıq və bu istiqamətdə addımlar atırıq. Azərbaycanı Rusiyaya yaxınlaşmaqda, rusiyapərəst siyasət yürütməkdə ittiham etmək  naşılıqdır. Ən yumşaq ifadə budur. Hər şeyi adı ilə çəksək... Bu, onun ifadəsidir ki, Azərbaycan üçün nə yaxşıdırsa, radikal müxalifəti kədərləndirir, nə pisdirsə, sevindirir. Reallıq budur. Rusiya ilə münasibətlərimizin yaxşı olması nəticə etibarilə Azərbaycanın bir çox strateji məqsədlərinin reallaşmasında həlledici rol oynaya bilir. Radikal müxalifət isə istəyir ki, Azərbaycanın Rusiya ilə münasibətləri pis olsun, çünki pis olanda buna ermənilər sevinəcəklər. Müxalifət yenə öz oyununu oynayır, amma bu oyun anti-millidir, bu davranış Azərbaycan dövlətinin milli maraqlarını təhlükə altına alan davranışdır. Xalq hər şeyi bilir, buna görə də Azərbaycanın radikal müxalifətinə birdəfəlik “Yox!” deyib”.

pravda.az

Xəbərlər