Cəmiyyət 19 İyul 2022, 14:50 | Baxış sayı: 193
"Radikal gənclərin Avropa Komissiyanın Prezidenti ilə görüşdə səsləndirdikləri fikirlər müxalifətin mövqeyi ola bilməz".

“Dövlətə qarşı radikal mövqedə olanları müxalifət fəalları adlandırmaq düzgün olmaz. Radikal gənclərin Avropa Komissiyanın Prezidenti Ursula Fon der Lyayenlə görüşü heç də müxalifət mövqeyinin ifadəsi kimi başa düşülməli deyil. Çünki ölkəmizin geniş müxalifəti var və bu müxalifət 52 partiyada təmsil olunur. Bu baxımdan iki gəncin müxalifət adından çıxış etməsi ümumi müxalifətin mövqeyi və fikri ola bilməz”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Azərbaycanda xarici sifarişlərin icraçıları olan müəyyən qüvvələr var və onlar ölkəyə gələn yüksək səviyyəli qonaqlarda Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar: “Təbii ki, ölkəmiz haqqında deyilən mənfi fikirlər heç bir əsasa söykənmir. Ona görə də onların görüşü və ölkəmiz haqqında söylədikləri heç də Azərbaycanın bugünkü reallığını əks etdirmir. Reallıq ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqı ilə enerji tərəfdaşlığı haqqında strateji memorandum imzalayıb. Ölkəmiz Avropa İttifaqı ilə saziş imzalamaq ərəfəsindədir. Bu baxımdan Brüsseldə xarici işlər nazirlərinin rəhbərlik etdiyi işçi qrupları arasında ikitərəfli görüşlər keçirilir. Bu görüşlərin sonunda Azərbaycanla Avropa İttifaqı arasında gələcək münasibətlərin formalaşması istiqamətində razılığın əldə olunması mümkün olacaq və yaxın vaxtlarda biz sazişin imzalandığını da görəcəyik. Avropa İttifaqı üçün inkişaf edən, stabil və təhlükəsiz Azərbaycan daha vacibdir. Azərbaycan Avroopa İttifaqının enerji təhlükəsizliyində əvəzolunmaz yer tutur və gələcəkdə də İttifaqın Azərbaycandan gözləntiləri böyükdür. İmzalanmış memorandumda da bu məsələlər əksini tapıb. Avropa İttifaqı yalnız Azərbaycan qazının idxalı ilə kifayətlənmək niyyətində deyil, belə ki, qurumla Azərbaycan arasında mümkün bərpaolunan enerji resurslarının idxalı məsələsi də gündəmdədir. İttifaq üçün həmçinin, Azərbaycanın nəqliyyat şəbəkəsindən istifadə etmək və ölkəmizlə mümkün tranzit nəqliyyat layihələrinin genişləndirilməsi də əhəmiyyətlidir. İttifaq üçün Azərbaycan Mərkəzi Asiya və Şərqə açılan qapıdır. Buna görə də Avropa İttifaqı ilə Azərbaycan arasında yaranmış və gələcəkdə daha da inkişaf edəcək münasibətlərə radikal mövqeli insanlar heç vaxt xələl gətirə bilməzlər”.

Xəbərlər