Ümumi 5 Yanvar 2023, 11:38 | Baxış sayı: 192
“Qəzaların əsas səbəblərindən biri sürücülərin qanundankənar yollarla sürücülük vəsiqəsi almalarıdır”

Nəqliyyat eksperti Elməddin Muradlı yol qəzalarının qarşısının alınması üçün yeganə üsul kimi sərt mexanizmlərin tətbiq olunmasını təklif edib. Onun sözlərinə görə, kameraların, radarların daimiliyinə son qoymaq lazımdır, mobil radarlar, mobil kameralar olmalı, tez-tez yerləri dəyişməlidir, yol polisinin gizli xidmətinə qayıtmalıyıq. Sürücülər bilməsinlər ki, yol polisi əməkdaşı hardadır. Ekspert düşünür ki, belə olan halda sürücülər sürət həddini aşmaz, il ərzində qəza sayını minimuma endirmək olar.

 

Ekspertin təklifi ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Tahir Kərimli deyib ki, E.Muradlının təklifi ağıllı təklifdir.

 

Deputat bildirib ki, sürücülər radarlardan və polislərdən çəkinirlər: “Ona görə də radarların və polislərin yerdəyişmələri, əlbəttə, işin xeyrinə olardı. Məsələnin kökü isə bunda deyil, heç yollarımızdakı bərbad vəziyyətdə də deyil. Hesab edirəm, qəzaların ən mühüm səbəblərindən biri insanların sürücülük qabiliyyətləri olmadan, sürücülük dərsi keçmədən qanundankənar yollarla sürücülük vəsiqəsi almalarıdır. Bununla öz həyatlarını da, başqalarının həyatını da riskə atırlar. Necə deyərlər, avtomobil sürə-sürə sürücülüyü öyrənirlər. Bir də görürsünüz, sərxoş olurlar, yaxud həvəsə gəlirlər, sürət həddini keçirlər, yol hərəkəti qaydalarını bilmirlər. Bu, nəticədə qəzaların sayının artmasına səbəb olur”.

 

T.Kərimli xanım sürücülər barəsində də narazılığını bildirib: “Xanımlar inciməsinlər. Görmüşəm ki, avtomobil idarə edən xanımların çoxu sürücülüyü o qədər də bacarmırlar. Çünki maşını kimsə alıb, verib onlara, elə rahat, necə gəldi sürürlər, avtomobili nə arxaya, nə irəli verə bilirlər. Ona görə də sistemli dəyişiklik, kökündən dəyişmək lazımdır. Avtomobili idarə edə bilməyən şəxslərə sürücülük vəsiqəsi vermək olmaz ki, onlar öz həyatları ilə eksperiment keçirsinlər, sürməyi öyrənsinlər. Düzdür, Sovet dövründə də sürücülük vəsiqəsini belə qanundankənar əldə etmələr var idi. Amma xüsusi təlim maşınları olurdu, şəhərin içində, kənarında avtomobili idarə etməyi, yol hərəkəti qaydalarını öyrədirdilər. Nəyi gizlədək? İndi 100 nəfərdən 90-95%-i sürücülük qaydalarını bilmədən sürücülük vəsiqəsi alır. Bunun kökünü kəsmək lazımdır, həmişə demişəm...”

Xəbərlər