Cəmiyyət 17 Sentyabr 2021, 16:17 | Baxış sayı: 284
"Quzey Osetiya Rusiya üçün nədirsə, Ermənistan da odur".

“Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçrilən və qurumun Çin, Hindistan, Rusiya kimi əsas üzvlərinin rəhbərlərinin qatılmadığı zirvəsində bir araya gələn Ermənistan baş naziri Paşinyanla İran prezidenti Rəisinin görüşü zamanı "iki ölkənin hökumətinin razılaşdırılmış birgə hərəkətlərinin önəmliliyinin vurğulandığı" bildirilir. Maraqlıdır, görəsən bu "razılaşdırılmış hərəkətlərin" içində Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsinə qanunsuz yanacaq və yük dolu karvanlar göndərmək də varmı?”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev Paşinyan-Rəisi görüşünə münasibət bildirərkən deyib.


“Ümumiyyətlə, rəsmi Tehran bu qəbildən olan addımların nə özünün, nə də sevimli Ermənistanın regionda mövqelərinin möhkəmlənməsinə təsir etdiyinin, əksinə əleyhlərinə yönəldiyinin fərqindədirmi?

Yəni anlamaq o qədərmi çətindir ki, Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların cilovu artıq Güney Osetiyadakılar kimi qonşuluqdakı soydaşlarının deyil, Moskvanın əlindədir. Və Quzey Osetiya Rusiya üçün nədirsə, Ermənistan da odur. Sadəcə, Qarabağın dağlıq hissəsindən Güney Osetiya düzəltmək alınmayacaq. Bunu Rəisi də bilir, Paşinyan da, bilməli olan digərləri də”,-S.Alıyev əlavə edib.

Xəbərlər