Siyasət 11 Mart 2024, 15:41 | Baxış sayı: 178
"“Xarici agentlər”in ABŞ-da necə cəzalandırıldıqları kimsəyə sirr deyil"

Azərbaycanın İkinci Qarabağ Savaşında qazandığı qələbəni həzm etməyənlərin diqtəsi ilə həm xaricdə, həm də daxildə dövlətimizə və dövlət başçımıza qarşı necə bir informasiya savaşının aparıldığını, oradakı “zinvor"ların nəinki qanunları, bütün mənəvi dəyərləri rəzilcəsinə ayaq altda salıb tapdadıqlarını görməmək üçün kor, bunu görməzdən gəlmək üçünsə yumşaq desək, gərək vecsiz olasan.

Bunu açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat deyib ki, bu prosesə cəlb edilənlərin böyük əksəriyyəti demokratiya, söz azadlığı pərdəsi altında fəaliyyət göstərən, ancaq hər iki anlayışdan çox-çox uzaqda dayanan, əsas məqsədləri qrant aldıqlarının tapşırığını yerinə yetirmək olanlardır: “Toplum TV-nin, eləcə də Üçüncü Respublika Platformasının ofisində keçirilən yoxlamaya gəldikdə, bu, tamamilə Azərbaycan qanunvericiliyinə uyğun aparılıb. Fəaliyyət növündən asılı olmayaraq hər kim çirkli pulların yuyulmasında yer alırsa, o, qanun qarşısında cavab verməlidir. Mən baxıram ki, “Qarabağın bir hissəsini öz hesabatında indinin özündə də Azərbaycandan ayrıca bir “respublika” kimi göstərən “Freedom House” bunu “müstəqil səslərə qarşı son qəbuledilməz hücum” kimi dəyərləndirir. Əgər “Freedom House”-un “respublika”sı mövcuddursa, Toplum TV-nin, eləcə də Üçüncü Respublika Paltformasının ofisində keçirilən yoxlama da “hücum”dur.

Bir daha vurğulayıram ki, cibində hansı vəsiqəni daşımasından, nə iş görməsindən asılı olmayaraq kimsə qanundan yuxarıda dura bilməz. “Freedom House”-la sözü gedən təsisatın bağlı olduğu ABŞ Dövlət Departamentinin baş verən olayla bağlı tənqidləri haqda bir də onu demək istəyirəm ki, onların diqtəsi və maliyyəsi ilə burada fəaliyyət göstərənlərə bənzər hərəkət edənlərin həmən ABŞ-da necə adlandırıldıqları və belə “xarici agentlərin” bizdə saxlanılanlar sayaq qanun pozuntularına yol verdikdə nə cür amansızlıqla cəzalandırıldıqları kimsəyə sirr deyil. Azərbaycan müstəqil olduğu qədər də hüquq dövlətidir, sırağagün baş verənlər də bir daha vurğulayıram ki, qanun çərçivəsində idi”.

APA

Xəbərlər