Cəmiyyət 9 May 2023, 18:24 | Baxış sayı: 120
"Quru sərhədlərin bağlanma səbəbini insanlara izah etmək lazımdır"

Mövzu ilə bağlı Milli Məclisin deputatı Musa Quliyev münasibət bildirməkdə çətinlik çəkdiyini deyib: “Çünki bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan bir məsələdir. Onlar da qərarı hansı arqumentlərə əsas gətirərək edirlər, onu da biz bilmirik. Azərbaycanda koronavirusla bağlı epidemioloji situasiya sabitdir. Artımlar yoxdur. Vaksinasiya prosesi də kifayət qədər yüksək səviyyədə aparılıb. Artıq insanların maarifləndirilməsi işi də qaydasındadır. Üzü yaya doğru adətən epidemiyanın təhlükələri azalır. Belə bir halda nəyə görə sərhədlər bağlıdır, onu da biz deyə bilmirik. Nə zaman açılacaq, onu da deyə bilmirik. Çox arzu edərdik ki, hökumət vətəndaşlarımıza informasiya verərdi. Niyə sərhədlər bağlıdır? Nə qədər bağlı qalacaq? Səbəb nə ilə bağlıdır? Yay dövrüdür, turizmin ən aktiv vaxtıdır. Turizm Azərbaycanın qeyri-neft sektorunun əsas gəlir gətirən sahələrindən biridir. Hesab edirəm ki, bununla əlaqədar hökumət adekvat qərar qəbul etməlidir. Ya da insanlara adekvat ola biləcək informasiyanı verməlidir. Yəni izah etmək ki, bu, koronavirusla bağlıdır, buna görə quru sərhədləri açıq saxlayırıq. Yəni bu inandırıcı deyil. Bəzi hallarda insanların doğru olmayan fikirlərə gəlməsinə, şərhlər verməsinə gətirib çıxarır. Hər bir halda istənilən qərar əsaslandırılmalıdır. İnsanlara da inandırıcı məlumat verilməlidir. Arzu edirəm ki, Operativ Qərargah adekvat qərar qəbul etsin”. 

Deputat “Bəziləri deyir ki, karantin rejiminin tam ləğv olunmamasına qonşu ölkələrlə vəziyyət səbəbdir” sualına belə cavab verib: “Bu ola bilər, amma bunu da insanlara izah etmək lazımdır. Azərbaycan insanı nə edəcək, durub üsyan edəsi deyil ki. Əlbəttə, dövlətin maraqları var, milli maraqlar var. Quru sərhədlərin bağlanma səbəbini insanlara izah etmək lazımdır. İnsanlar hər şeyi başa düşür, doğru qiymətləndirir. Bizim hələ Ermənistanla münasibətlərimiz tam aydınlaşmayıb, sülh müqaviləsi bağlanmayıb. İranla bağlı gərginlik pik həddədir. Cənab Prezident də Şuşada söylədi ki, indiyə qədər İranla münasibətimiz belə aşağı səviyyədə olmayıb. Bunlar hamısı vətəndaşlarımız tərəfindən anlaşılan məsələlərdir. Hesab edirəm ki, insanları belə qeyri-müəyyən vəziyyətdə qoymaq da doğru deyil”. 

Xəbərlər