Ümumi 16 Mart 2021, 14:40 | Baxış sayı: 283
Qüdrət Həsənquliyev: “Bizdə isə fəxarətlə deyirlər ki, az vəsait xərclənib”.

Hökumətin fəaliyyətini qənaətbəxş hesab edirəm və ona səs verəcəyəm.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bidirib ki, xalqımız hökumətdən torpaqlarımızı azad etdiyi kimi iqtisadiyyatımızı da dövlət təsirindən qoruyacağını və islahatlar həyata keçirəcəyini gözləyir.

Q.Həsənquliyev, həmçinin indiyə qədər dövlət əmlakından yaxşı istifadə edilmədiyi fikrində olduğunu qeyd edib:

“Dövlət əmlakının özəlləşdirilməsi üçün ciddi addım atılmayıb. Cəmi 3 milyon manatlıq özəlləşdirmə aparılıb. Hesab edirəm ki, özəlləşdirmə sürətlə aparılmalıdır”.

Millət vəkili qeyd edib ki, vaxtında Prezidentin tapşırıqları olub:

“Kənd təsərrüfatı təyinatlı torpaqlarda çoxlu evlər tikilib. Amma həmin evlərin sənədləri verilmir. Hər il bu məsələ geri atılır. Həmçinin hökumətimiz kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişməsinə müsbət yanaşmır”.

Sosial müadafiə haqqında fikrini açıqlayan Qüdrət Həsənquliyev bildirib ki, dünyanın hər yerində bu sahəyə cavabdeh olan nazirlik bu istiqamətə daha çox maliyyə ayrılmasına çalışır:

“Bizdə isə fəxarətlə deyirlər ki, az vəsait xərclənib”.

İnfomasiya təhlükəsizliyi ilə bağlı danışan deputat iki təkliflə çıxış edib:

“44 günlük müharibə zamanı Prezident dünyanın onlarla tanınmış televiziya kanallarına müsahibə verdi. Bizim bu qədər televiziya kanalımız var. Eləcə də dövlət kanalında yaxşı komanda formalaşıb. Bizim ən azından MDB məkanında 24 saat yayımlanacaq rus dilində televiziyaya ehtiyacımız var. Çünki bu regionda yaşayırıq, hətta Orta Asiyadakı türk ölkələri ilə rus dilində danışırıq.

İkincisi, dünya miqyasında ingilisdilli kanala ehtiyacımız olduğunu düşünürəm. Fikrimcə, bu təkliflər nəzərə alınmalıdır”.

Sonda Qüdrət Həsənquliyev Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac olduğunu vurğulayıb.

Xəbərlər