“Qərbi Azərbaycanlıların qayıdışı hüququnun təmini üçün Ermənistanın üzərinə öhdəlik qoyulacaq”
Cəmiyyətdə Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpası mövzusunda müzakirələr davam edir. “Bakinskiy Raboçi’’ qəzeti əslən Qərbi Azərbaycandan olan millət vəkili Azay Quliyevlə bu mövzuda geniş müsahibə ( https://br.az/mnenie/20230307100604630.html ) dərc edib.
Musavat.com mövzunun əhəmiyyətini nəzərə alaraq, müsahibənin qısa tərcüməsini təqdim edir:
Biz Qərbi Azərbaycandan olan ziyalılarımızla müsahibələri davam etdiririk. Bizim bugünkü qonağımız Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın İqtisadiyyat, Ətraf Mühit, Elm və Texnologiya Ümumi Komitəsinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevdir
- Azay müəllim, siz Qərbi Azərbaycan kökənli tanınmış ictimai-siyasi xadim, ölkəmizin ziyalı şəxslərindənsiniz. Qərbi Azərbaycan sizin üçün nə deməkdir?
- Təşəkkür edirəm. Sualınız çox həssas, həm də kövrək xarakterlidir. Qərbi Azərbaycan ilk növbədə mənim üçün doğulduğum yurddur, vətəndir, heç zaman unudulmayacaq uşaqlıq illərimin keçdiyi və doğma xatirələrimin formalaşdığı məkandır;
Qərbi Azərbaycan mənim üçün təbiətinin gözəlliyini, Novruz bayramının özəlliyini, kəkotusunun qoxusunu, əriyinin, armudunun, qaymağının dadını heç harda tapa bilmədiyim qan yaddaşımdır;
Qərbi Azərbaycan mənim üçün atamın məzarı başında dua oxuya bilmədiyim, ancaq yuxularda “ziyarətinə” getdiyim, əlimin çatmadığı, səsimin yetmədiyi, düşmən tapdağında olan, mənən yaxın, cismən uzaq bir diyardır;
Qərbi Azərbaycan mənim üçün əzəli sakinlərinin dəfələrlə deportasiyaya, soyqırımına və kütləvi qətlimi, o cümlədən köçkünlük və qaçqınlıq həyatını yaşamağa məhkum edilmiş, geosiyasi maraqların toqquşduğu, türk dünyasını birləşdirən “şah damarın” kəsildiyi bir körpüdür;
Qərbi Azərbaycan mənim üçün Böyük Səlcuqlu, Atabəylər, Eldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətlərini quran babalarımın yadigarı və dövlətçilik tariximizin bir hissəsi və şahididir;
Qərbi Azərbaycan mənim üçün Qarabağ Zəfərindən sonra yenidən “doğulmuş” bir xalqın qarşısında duran milli hədəfin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qələbə ilə yekunlaşdıracağına əmin olduğum siyasi, diplomatik və ideoloji savaşın, tarixi ədalətin yeni ünvanıdır;
Qərbi Azərbaycan mənim üçün öz doğma sakinlərini, azərbaycanlıları səbirsizliklə gözləyən və buna heç vaxt ümidini itirməyən ulu və vüqarlı vətən torpağıdır.
- Sizin uzun illər üçüncü sektorun, vətəndaş cəmiyyəti institutlarının qurulması və inkişafındakı xidmətləriniz nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində tanınmaqdadır. Verdiyiniz cavabdan da göründüyü kimi, Qərbi Azərbaycan mövzusu Sizin üçün ağrılı bir məsələdir. Hazırda QHT sektorunun Qərbi Azərbaycana qayıdışla bağlı hansı fəaliyyətindən və ya layihələrindən danışa bilərsiniz?
- Cənab Prezident tərəfindən irəli sürülən Qərbi Azərbaycana dinc yolla qayıdış konsepsiyası xalqımızı yeni mübarizəyə və hədəflərə doğru səfərbər edən əsas missiyalardan olduğu üçün bu prosesdə vətəndaş cəmiyyəti institutları və QHT sektoru da fəal iştirak etməlidir və edir. Bu məqsədlə QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu ilin fevralında ayrıca qrant müsabiqəsi elan edib. İstəyimiz odur ki, Qərbi Azərbaycan İcması tərəfindən hərtərəfli və mükəmməl şəkildə hazırlanmış və ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanan “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasının” icrasına dəstək verək və bu yöndə QHT-lərin fəal iştirakını təmin edək.
QHT-lər üçün çox maraqlı və aktual mövzular müəyyən etmişik. Bunların sırasında Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarının bərpası və onların doğma torpaqlarına qayıdışı hüququnun beynəlxalq səviyyədə tanınması; Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irsin təbliği; ermənilər tərəfindən azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması, habelə, soydaşlarımıza qarşı soyqırımı və deportasiya cinayətlərinin törədilməsi haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması; Qərbi Azərbaycanın ədəbi mühitinin tədqiqi və təbliği; Qərbi Azərbaycandan olan elm, mədəniyyət , dövlət və ictimai xadimlərin tanıdılması; Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanlılarla bağlı qəbul etdiyi qərarlar; Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti və digər bu kimi mövzuları qeyd etmək istərdim.
Ümid edirəm ki, QHT-lər bu müsabiqədə iştirak etməyin nə qədər məsuliyyətli olduğunu nəzərə alaraq qarşımızda duran vəzifələrin icrasına adekvat olaraq real təşəbbüs və təkliflərlə çıxış edəcəklər. Biz hələ prosesin başlanğıcındayıq və gələcəkdə vəziyyəti təhlil edib mövcud tələblərə uyğun olaraq yeni mövzuları və istiqamətləri müəyyənləşdirə bilərik.
- Azay müəllim, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində erməni işğalına son qoyulduqdan sonra Qərbi Azərbaycan məsələsinin aktuallaşması və Qərbi Azərbaycan İcmasının Prezident İlham Əliyevlə görüşü Sizcə yaxın gələcəkdə bizlərə nə vəd edir?
- Bilirsiniz ki, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi son 30 ildə, yəni, 2020-ci ilin noyabrına kimi milli hədəfimiz və dövlətimizin qarşısında duran başlıca vəzifə olubdur. Artıq, biz bu vəzifənin öhdəsindən layiqincə gəldik.
Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqı və ordunu səfərbər edərək rekord sayıla biləcək qısa müddətdə, yəni, cəmi 44 gün ərzində işğal altında qalan torpaqlarımızı azad etdi, bu torpaqları əsl sahibinə qaytardı. İkinci dünya müharibəsindən sonra bu, ilk və yeganə hadisə idi ki, işğal olunmuş ərazilərin azad olunması üçün xalq bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək vətən müharibəsi elan edir və torpaqlarını hərbi-siyasi yolla azad edir, özü də, qlobal güclərin iradəsinin əksinə olaraq bunu etməyi bacarır.
Bu, həqiqətən dünya tarixinə düşən, münaqişələrin həlli üsulları haqqında yeni paradiqmalar yaradan, Azərbaycanın gücünü və qətiyyətini, xüsusilə, cənab İlham Əliyevin hərbi, siyasi, diplomatik cəbhədə göstərdiyi gerçək bir qəhrəmanlığın və fədakarlığın nümunəsi idi. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhidlərimizin qəhrəmanlığı və əziz xatirəsi, Qazilərimizin cəsurluğu, vətən sevgisi və döyüş bacarığı ən ali hisslərə və ehtirama layiqdir və onlar heç vaxt unudulmayacaq.
İndi isə hörmətli Prezidentimiz cəmiyyətin qarşısında yeni hədəflər və milli vəzifələr müəyyən edibdir. Bu, Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı, onların pozulmuş hüquqlarının bərpası və tarixi ədalətin yerini tapması, təcəllisidir. Cənab Prezident bu vəzifənin aliliyini diqqətə çatdırmaq, bu, tarixi missiyanı ümumxalq amalına və milli davaya çevrilməsinin vacibliyini göstərmək üçün keçən il çox həssas tarixi gün və doğru bir məkan seçdi, özünün doğum günü, 24 dekabrda Qərbi Azərbaycan İcmasının binasına gələrək bu bölgədən olan bir qrup ziyalı və ictimai-siyasi xadimlə görüşdü, millətimizin yeni tarixi missiyasını bəyan edərək bu şərəfli və mübarək vəzifənin yol xəritəsini, Qərbi Azərbaycanlıların qayıdışı konsepsiyasının əsas konturlarını xalqa təqdim etdi.
Sevindirici haldır ki, Qərbi Azərbaycanlıların qayıdışı məsələsi təkcə kökləri həmin ərazidən olan soydaşlarımızı deyil, bütün xalqımızı birləşdirən milli məsələyə və milli davaya çevrilibdir. İndi hamı çalışır ki, bu işə öz töhfəsini versin və hər hansı bir formada faydalı olmağa çalışsın. Əminəm ki, bu prosesin uğurla davam etməsi həm beynəlxalq aləmdə, həm də regionda mövqelərimizin daha da möhkəmlənməsinə, haqq səsimizin eşidilməsinə və geosiyasi maraqlarımızın təmin edilməsinə ciddi təkan verəcək.
- Siz Azərbaycanı uzun illərdir ATƏT Parlament Assambleyasında uğurla təmsil edirsiniz, Assembleyanın 6 il vitse-prezidenti, təhlükəsizlik komitəsinin 3 il sədr müavini olmusunuz və hazırda bu qurumda Komitə sədri və büro üzvüsünüz. Beynəlxalq təcrübənizə əsaslanraq, Siz, Qərbi Azərbaycana sülh yolu ilə qayıdış prosesini necə görürsünüz? Bu prosesdə şəxsən, Sizin rolunuz nədən ibarətdir və ümumiyyətlə, bununla bağlı hansı işlər görməyi planlaşdırırsınız?
-İlk növbədə sualınızın birinci hissəsinə cavab vermək istərdim. Bəli, biz bilirik ki, Qərbi Azərbaycana sülh yolu ilə qayıdış asan proses deyil. Burada, ilk növbədə Ermənistanın, dünya erməniliyinin və ermənipərəst qüvvələrin çox ciddi müqaviməti ilə rastlaşacağıq və artıq, rastlaşırıq. Bundan başqa, Azərbaycanlıların pozulmuş hüquqlarının bərpa olunması məsələsinə bir sıra aparıcı beynəlxalq təşkilatların hər zaman göstərdiyi, yumşaq desək, laqeydliyin davam edəcəyi də heç kimə sirr deyil. Belə olan halda, son məqsədimizə çatmaq üçün bizi qarşıda çox çətin və mürəkkəb bir yol gözləyir. Bu yolu səbirlə, təmkinlə və eyni zamanda, xüsusi hazırlanmış strategiya və proqramla, bütün bilik və bacarığımızı səfərbər etməklə qət edə bilərik.
Düşünürəm ki, bunun üçün 3 mərhələli bir prosesi mütləq keçmək lazım olacaq.
Birinci mərhələ, beynəlxalq ictimaiyyətin məlumatlandırılması mərhələsidir. Qısa müddət keçməsinə baxmayaraq, artıq, bu mərhələyə başladığımızı deyə bilərəm. Qərbi Azərbaycan İcmasının institutlaşması, peşəkar və bacarıqlı kadrlarla təmin olunması, beynəlxalq ictimaiyyətə müvafiq müraciətlərin göndərilməsi birinci mərhələnin başlanğıcı üçün atılan ən uğurlu addımlar hesab edirəm. Əvvəlki sualınızda qeyd etdiyim kimi, vətəndaş cəmiyyəti institutlarının və QHT sektorunun bu işdə gözlənilən aktiv iştirakı prosesə yeni nəfəs və yeni təkan verəcəkdir. Beynəlxalq ictimaiyyətin məlumatlandırılması mərhələsində parlamentin və millət vəkillərinin rolunu da ayrıca qeyd etmək istərdim. Əgər biz əmin olsaq ki, artıq beynəlxalq ictimaiyyət Qərbi Azərbaycanlıların deportasiya olunması haqqında kifayət qədər məlumata və sübutlara malikdirlər, o zaman prosesin ikinci mərhələsinə keçmək mümkün olacaq.
İkinci mərhələ, ayrı-ayrı ölkələrin parlamentlərinin və beynəlxalq təşkilatların Qərbi Azərbaycanlıların pozulmuş hüquqlarına siyasi qiymətin verilməsi mərhələsidir. Bu mərhələ çox həlledici mərhələdir. Çünki bu mərhələdə biz milli parlamentləri və beynəlxalq təşkilatları inandırmalıyıq ki, beynəlxalq qanunlara əsasən Qərbi Azərbaycandan qovulmuş insanların ləyaqətli və təhlükəsiz şəkildə öz torpaqlarına qayıtmaq hüququ var və bu hüquq tanınmalı və təmin olunmalıdır. Əgər buna nail olsaq, o zaman sonuncu və əsas mərhələyə, üçüncü mərhələyə keçə bilərik.
Üçüncü mərhələ, Qərbi Azərbaycanlıların deportasiya olunmasına hüquqi qiymətin verilməsi mərhələsidir.
Bu mərhələni, ədalətin təntənəsi də adlandırmaq olar. Əlbəttə, ədalətsiz dünyada ədalətə nail olmağın nə qədər çətin olduğunu biz azərbaycanlılar hamıdan yaxşı bilirik. Ancaq buna baxmayaraq, əvvəlki iki mərhələni uğurla keçə bilsək, bu mərhələdə də şanslarımız az deyil, çünki əlimizdə çox önəmli hüquqi əsaslar var. Bu əsaslar sırasında 1948-1953 -cü illərdə yüzminlərlə azərbaycanlıların SSRİ rəhbərliyinin rəsmi qərarlı ilə deportasiya olunması haqqında sənədlərini xüsusilə qabartmaq lazımdır. 20-ci əsrdə xalqımız Qərbi Azərbaycandan 4 dəfə deportasiya olunmasına rəğmən, bu hadisə yalnız 1948-1953-cü illərdə rəsmiləşib və bu da xalqımızın deportasiya qurbanları kimi tanınması üçün hüquqi əsas yaradır. Məsələn, ermənilər deyirlər ki, əgər Azərbaycan 1988-ci ildə qovulmuş soydaşlarının məsələsini qaldısa, o zaman biz də Azərbaycandan getmiş ermənilərin məsələsini qaldıra bilərik. Ancaq azərbaycanlıların Ermənistandan deportasiya olunması haqqında SSRİ-nin qeyd etdiyim qərarı kimi hüquqi sənəd ermənilərin əlində yoxdur, çünki onlar nəinki Azərbaycan ərazilərindən deportasiyaya məruz qalmayıblar, əksinə Qərbi Azərbaycanda bizləri sıxışdırmaq üçün süni şəkildə o ərazilərə yerləşdiriliblər. Əminəm ki, bu işlə məşğul olacaq peşəkar hüquqşünaslar bizə lazım olan hüquqi nəticənin hansı beynəlxalq məhkəmədə və necə əldə olunmasını daha dəqiq müəyyən edə biləcəklər.
Əlbəttə, biz ilk növbədə beynəlxalq humanitar qanunlarla və konvensiyalarla qorunan Qərbi Azərbaycanlıların hüquqlarının pozulmasının dəqiq təsbit olunmasına və onların öz doğma torpaqlarına qayıtması hüququnun tanınmasına nail olmalıyıq. Əgər beynəlxalq məhkəmələrin belə bir qərarı olarsa və bu hüququn təminatı üçün Ermənistana icrası məcburi olan öhdəlik qoyularsa, o zaman qayıdış asanlaşar və nəhayətində ədalət zəfər çalar. Belə ki, Beynəlxalq humanitar qanunlara və konvensiyalara görə deportasiya olunan şəxslərin öz yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ var və bu hüququn təmin olunması ərazilərindən qovulmuş ölkələrin öhdəliyinə daxildir. Buna misal olaraq Stalin tərəfindən deportasiya edilmiş Ahıska türklərinin Gürcüstana qayıtması ilə bağlı Avropa Şurası qarşısında 1999-cu ildə gürcü hökumətinin götürdüyü əlavə öhdəliyi qeyd etmək olar.
O ki qaldı sualınızın ikinci hissəsinə, yəni, bu prosesdə mənim şəxsən iştirakım nədən ibarət ola bilər sualınıza, onu deyə bilərəm ki, mənim üzərimə nə düşərsə onu şərəflə yerinə yetirməyə hazıram. İlk növbədə, ATƏT PA çərçivəsində Qərbi Azərbaycan İcmasının və ya QHT-lərin iştirakı ilə “side event”-lərin, yəni, məlumatlandırma məqsədilə əlavə tədbirləri keçirməyi düşünürəm. Bundan başqa, ATƏT PA-nın Qətnamə layihələrinə Qərbi Azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı müəyyən müddəaların salınması və ya bu mövzuda ayrıca bir layihənin təqdim olunması imkanlarını da diqqətlə araşdırıram. Azərbaycanın nümayəndə heyəti olaraq ATƏT PA-nın iclas və sessiyalarında bu mövzunu diqqətə çatdırmağa başlamışıq və bu gələcək sessiyalarda da bunu davam etdirəcəyik. Bütün beynəlxalq platformalarda Qərbi Azərbaycanlıların hüquqlarının bərpası məsələsini qaldıracağıq.
Mübarizəmiz nə qədər çətin və mürəkkəb olsa da, əminəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi, qətiyyəti və siyasi iradəsilə biz xalq və millət olaraq bu missiyanın da öhdəsindən layiqincə gələcək və dinc yolla dədə-baba torpaqlarımıza qayıdacağıq.
Mən bu günün yetişəcəyinə inanıram.
Musavat.com