"Qərbi Azərbaycan mili həmrəyliyin növbəti mərhələsi olacaq"
"Azərbaycan prezidenti Qərbi Azərbaycan İcmasının bir qrup nümayəndəsi ilə görüşdə tarixi torpaqlarımıza qayıdışla bağlı yeni vəzifələr müəyyənləşdirdi. Bu vəzifələr təkcə, Qərbi azərbaycanlıların deyil, yaranmış yeni reallıqda bütövlükdə xalqımızın qarşısında duran məqsəd və vəzifələrdir".
Bu fikirləri Musavat.com-a millət vəkili, Qərbi Azərbaycan İcmasının sədr müavini Hikmət Babaoğlu deyib. O, qeyd edib ki, Azərbaycanın Qərbi üçün milli mübarizə verib məqsədlərimizə çata bilməsək, sabah strateji mənada tarixi vətənimizin başqa bir cəhəti üçün birləşə bilmərik: "Azərbaycan xalqı milli həmrəyliyin nümunəsini yaradaraq elə bir tarixi zəfərə imza atıb ki, bu milli inersiya bizə əcdadlarımızdan miras qalmış bütün problemləri həll edə biləcək qədər güc verir. Ona görə də biz dünən necə hamımız Qarabağlı idiksə, bu gün yeni çağırışlar kontekstində hamımız Qərbi Azərbaycanlı olmalıyıq. Ən yeni tariximizi yaradan müzəffər liderimiz məhz tarixi ədaləti bərpa etmək üçün yeni fürsətlər yaradıb. Bu fürsəti qaçırsaq, bir də belə fürsət yüz ildən sonra əlimizə keçə bilər. Ona görə də Prezidentin Qərbi Azərbaycanlılarla görüşünə adi görüş kimi yox, böyük və bütöv gələcəyimizə hesablanmış mühüm hadisə kimi baxmalıyıq. Elə görəcəyimiz işləri də bu istiqamətdə planlaşdırmalıyıq. İlkin mərhələdə Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmalı və onu beynəlxalq hüquqla əlaqələndirməli, elə beynəlxalq hüquqa da söykənərək də bizə aid olanı əldə etməliyik. Beynəlxalq hüquqa görə isə hər bir insanın əsas təməl hüquqlarından biri doğulduğu yerdə yaşamaq hüququdur. Qərbi Azərbaycanlılar da bunu istəyir".
Millət vəkili Prezidenti İlham Əliyevin görüşdə səsləndirdiyi fikirləri əslində ikinci böyük qayıdışın konseptual çərçivəsini və strateji yol xəritəsi kimi səciyyələndirdi:
"Bu konsepsiyanın paradiqması Ermənistanla sülhə və birgəyaşayışa hesablanıb. Bu faktiki olaraq Ermənistana yeni, modernist sülh və birgəyaşayış təklifidir. Qarşılıqlı inteqrasiya və əməkdaşlıq üçün mühüm etimad platformasıdır. Bu gün Qarabağda ermənilər yaşadığı kimi, rəsmi Bakı onlara vətəndaş kimi təhlükəsizliklə bağlı konstitusiyon təminat verdiyi kimi, rəsmi İrəvan da Qərbi Azərbaycanlıları qəbul edərək onlara Ermənistan vətəndaşı kimi təhlükəsizlik zəmanəti verməlidir. Məsələnin mahiyyəti bu qədər sadə , məntiqli və beynəlxalq hüquq baxımından asan izaholunandır ancaq Ermənistanda hüquqi dövlət və demokratiya ilə bağlı problemlər olduğu üçün hələlik Ermənistan buna hazır deyil. Ümid edirik ki, gələcəkdə bu baş tutacaq".
O ki qaldı Ermənistan hakimiyyəti görüləcək işlərə necə reaksiyasına, H. Babaoğlu xatırlatdı ki, Ermənistanın bu məsələyə ilkin münasibəti olduqca emosional və isterik oldu: "Məsələnin mahiyyətinə varmadan dərhal bu görüşü Ermənistana qarşı yeni müharibə anonsu kimi qəbul etdi ancaq fakt faktlığında qalır ki, Azərbaycan heç vaxt müharibə tərəfdarı olmayıb.Torpaqlarımızın 30 il Ermənistanın işğalı altında qaldığı dövrdə də biz sül tərəfdarı olmuşuq, problemi sülh yolu ilə həll etməyə çalşmışıq. Müharibə isə ermənilərin Azərbaycana qarşı yeni torpaqlar uğrunda yeni müharibə təxribatından sonra başlayıb. Ermənilər də, dünya ictimaiyyəti də bunu yaxşı bilir. Ona görə də biz Qərbi Azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaq istəməsi əsla müharibə anonsu deyil, tarixi ədalətin, beynəlxalq hüququn təmin edilməsi tələbidir.
Ermənistan bunun qarşısını almağa cəhd etməməli, tam əksinə öz tarixi vətəninə qayıtmaq istəyən azərbaycanlılara hüquqi təminat və şərait yaratmalıdır. Ermənistanın yaşadığı hazırki depopuliyasiya problemi kontekstində bu həm də yaxşı iqtisadi faktor ola bilər. Eyni zamanda Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasını asanlaşdıra və sürətləndirə bilər, yəni məsələyə haradan baxılsa, bu hadisə Ermənistan və Azərbaycan arasında uzun müddətli və etibarlı sülh üçün mühüm strateji addım olar. Ona görə də biz Ermənistandan obyektiv mövqe, qalıcı sülh üçün addım atmasını gözləyirik".