"Qərb dairələri prosesi uzatmaqla heç bir nəticəyə nail ola bilməyəcəklərini başa düşdülər"
Bu ilin aprel ayının 23-dən başlanan və Laçın sərhəd-buraxılış məntəqəsi əleyhinə az qala bütün dünyanı ağuşuna alan anti-Azərbaycan kampaniyası Prezident İlham Əliyevin istisnasız və şərtsiz qələbəsi ilə başa çatdı. Dəmir yumruğun ardınca dəmir iradə Azərbaycanın suveren hüquqlarını görməzdən gəlmək istəyən şər bloku məhz Bakının qaydaları ilə hesablaşmağa məcbur etdi.
Hələ iyul ayının 15-də Brüsseldə, 25-də isə Moskvadakı razılaşmaların ardınca sentyabr ayının 1-də yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması razılaşdırılsa da, separatçılar Fransa və ABŞ-dən gələn, heç bir hüquqi-siyasi əsası olmayan vədləri rəhbər tutaraq prosesi pozdular. Ardınca istər Fransa, istər ABŞ qanunverici orqanlarında, eyni zamanda Avropa İttifaqı Parlamentində Azərbaycana münasibətdə açıq təhdid ritorikasına şahidlik etdik. Hətta Vaşinqton bir az da irəli gedərək adətən diplomatik nəzakət naminə neytral saxlanan xarici siyasət idarəsini də təxribatçı diplomat Yuri Kimin simasında işə saldı. Hətta son 30 ildə ilk dəfə ABŞ Prezidenti "Azadlığa dəstək Aktı"na 907-ci düzəlişin qüvvəsini dayandırmadı. Lakin müstəqil hərbi-siyasi və iqtisadi güc olan və etibarlı müttəfiqliklərə malik Azərbaycan üçün bu amillər əhəmiyyətli təsir gücünə çevrilə bilmədi. Nəticə etibarilə əsassız iddialar naminə regionda maraqlarını qurban verəcəyini, regionun güc sahibi kimi Azərbaycanı qarşısına alacağını görən Qərb dairələri prosesi uzatmaqla heç bir nəticəyə nail ola bilməyəcəklərini başa düşdülər. Azərbaycan Prezidenti isə dəfələrlə bəyan etdiyi kimi göstərdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.
Beləliklə, Qarabağdakı separatçı rejim öz havadarları hesabına Ağdam-Xankəndi yolunun açılmasını sadəcə 16 gün gecikdirə bildi. Əlbəttə, hərbi ritorikaya əl ataraq saatlar içində problemi çözmək mümkün idi, lakin cənab İlham Əliyev Qarabağın erməni əsilli sakinlərini separatçılara qurban vermədi və məsələnin qan tökmədən həlli üsulunu seçdi. Beləliklə, Azərbaycan Prezidenti hərbi-siyasi gücümüzdən qaynaqlanan qətiyyət və xalqın dəstəyinə söykənən dəmir iradə ilə şər bloku növbəti dəfə yerlə-yeksan etdi. Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar. Beləliklə, Laçın sərhəd-buraxılış məntəqəsindən ancaq sərhəd-gömrük qanunvericiliyinə uyğun olaraq, Ağdam yolu ilə isə sərbəst formada keçidin təmin olunması ilə sərhədlərdə TIR şousuna rəsmən son qoyuldu.
demokrat.az