"Qonşular əbədi düşmən ola bilməzlər!"
Aqunik Abovyan adlı erməni qadın Prezident İlham Əliyevə rus dilində müraciət ünvanlayıb.
Abovyan müraciətində ölkə başçısından Bakıya və Şuşaya gəlməsi üçün icazə istəyib. Üstəlik islamı qəbul etdiyini deyən qadın Şuşada namaz qılmaq arzusunda olduğunu deyib. Bir neçə gün öncə isə Ermənistan vətəndaşı Vaqi Qambaryan da Azərbaycan Prezidenti İlham Əliyevə videomüraciət ünvanlamışdı. O isə müraciətində Bakıya gəlib yaxınları, dostları ilə görüşmək, həmçinin Xankəndindən yaşamaq istədiyini bildirmişdi. Sosial şəbəkə üzərindən getdikcə bu cür müraciətlərin sayı artmaqdadır.
Hər kəsi düşündürən bir sual var: Ermənilər öz xislətlərindən əl çəkəcəklərmi?
Bununla bağlı Cebhe.info-ya Milli Məclisin deputatı Elman Nəsiov danışıb. O bildirib ki, Qarabağda yaşayan ermənilərin taleyi məsələsinə ilk növbədə aydınlıq gətirilməlidir:
"Qeyri- qanuni erməni hərbi birləşmələri Qarabağdan çıxarıldıqdan sonra orada yaşayan ermənilərin siyahıya alınması həyata keçirilməlidir. Siyahılaşdırılma həyata keçiriləndən sonra ermənilərin qarşısına konkert sual qoyulmalıdır ki, Azərbaycan vətəndaşılığını qəbul edirlər, Azərbaycan pasportunu daşımaq istəyirlər, ya yox? Yəni mövqeyi ifadə etsinlər. Kimlər ki, siyahıya alınandan sonra Azərbaycan vətəndaşlığını qəbul edəcək, bununla da onlar eyni, bərabər hüquqlara malik olacaqlar. Kimlər ki, bu məsələdə fərqli mövqedə dayanacaq, onlar ac- yalavac Ermənistana qayıtsınlar. Necə ki, dünyanın hər yerinə səpələniblər, elə də hara gedirlər getsinlər. Mənə elə gəlir ki, erməni xalqı bir şeyə əmin oldu ki, “Qarabağ Ermənistandır" düşüncəsi illuziyadır, nağıldır, əfsanədir".
Deputat hesab edir ki, ermənilərin Azərbaycanda yaşamaq üçün etdikləri müraciət getdikcə artacaq:
"Gələcəkdə həndəsi silsilə ilə onların saylarının artması gözlənilir. “Ermənilər xislətlərindən əl çəkəcəklərmi?” sualına aydınlıq gətirərək bildirim ki, bir həqiqəti bilmək lazımdır, qonşular əbədi düşmən ola bilməzlər! Hesab edirəm ki, bu, tarixin sübut etdiyi həqiqətdir. Sadəcə ehtiyatı əldən verməməliyik, 1905- 1906, 1918-1920, 1948- 1953, 1988- 1993-cü il hadisələrini unutmaq olmaz. Qonşuluq münasibətlərini saxlamaqla, tarixi reallıqları da yaddan çıxarmaq olmaz. Biz necə Xocalını unuda bilərik?! Cənab Prezidentin dili ilə desək, sanki vəhşi bir qəbilə gəlib Qarabağdan keçib. Bunları heç bir zaman unutmaq olmaz. Baş verənləri tarixi yaddaşımızda saxlamaqla bir həqiqəti dərk etməliyik ki, əbədi düşmən də olmaq olmur. Əməkdaşlıq etməliyik, amma tarixi yaddaşımız hər zaman yerində olmalıdır".
Əri, yaxud da arvadı azərbaycanlı olan ermənilərin Azərbaycanda, xüsusən də Bakıda yaşamağına gəldikdə isə parlament üzvü bildirib ki, bu sualın cavabı yaxın perspektivdə verilməyəcək:
"Bir qədər sonra, yəni əməkdaşlıq mühiti formalaşdıqdan sonra sözügedən məsələnin komponentlərindən biri olaraq bu kimi ailələrin yenidən bir araya gəlməsi kimi məsələlər gündəmə gələ bilər. Bu, indiki dönəmdə erkən ortaya atılmış mövzudur".