Cəmiyyət 15 İyul 2022, 16:59 | Baxış sayı: 176
"Qazilərlə bağlı neqativ hal baş verəndə, problemi dövlətin üzərinə atmağa çalışırlar".

“Qazilərlə bağlı neqativ hal baş verəndə, dərhal sevincək paylaşırlar və problemi məhz dövlətin üzərinə atmağa çalışırlar. Bununla da anti-Azərbaycan dairələrə xidmətlərini yerinə yetirmiş olurlar. Bəzən görürsən ki, yanlış, heç bir təsdiqini tapmamış məlumatları dərhal ictimailəşdirirlər. Ağdaş rayonundan olan Vətən Müharibəsi iştirakçısı Elvin Elçin oğlu Məmmədov guya intihara cəhd edərək özünü yandırıb. Bu, yanlış məlumatdır. Məsələ tamamilə fərqli istiqamətdə olub. Elvin Məmmədov atası ilə birgə kafe işlədir. Yanlışlıqla fərqli yanacaq növündən istifadə edib. Nəticədə müxtəlif yanıq xəsarətləri alıb. O insanları tanıyıram. Dünən Elvinin atası ilə də danışmışam. Elçin qardaşımız da qeyd etdi ki, Azərbaycan dövlətinin hər zaman yanındayıq, bundan sui-istifadə edən radikal qüvvələri lənətləyirik. Yenə lazım olsa, özüm də, oğlum da Vətənimizi qorumaq üçün Ali Baş Komandanın əmrini gözləyirik, dərhal bu işdə canla-başla iştirak edərik…”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, özlərini partiya lideri, bloqer, milli xəyanətkarlar şurasının üzvləri adlandıranlar sözügedən məlumatı Azərbaycan xalqına tamam fərqli məcrada təqdim etməyə çalışıblar: “Növbəti dəfə iflasa uğradılar. Bəli, dünya tarixində baş vermiş istənilən müharibədən sonra görürük ki, müharibə iştirakçılarının psixoloji durumunda problemlər yaranır, intiharlar da olub. Bütün bunlar əsas vermir ki, belə şər-böhtan qüvvələr dövlətçiliyimizə, müstəqilliyimizə, ölkəmizin dünyada artan nüfuzuna, hörmətinə qarşı istifadə etsinlər. Bu, onların xəyanətinin növbəti təzahürüdür. Azərbaycanda həssas qrupa aid olan insanlara dövlət tərəfindən ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bundan sonra da belə olacaq. Şər qüvvələrin çirkin niyyətləri yenə də iflasa uğrayacaq”.

C.Osmanov qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli və qorxmaz Azərbaycan Silahlı Qüvvələri torpaqları işğaldan azad etdi: “Azərbaycan tarixinin ən şanlı qələbəsini qazandı, ədaləti bərpa etdi. Müharibə bitdikdən sonra cənab İlham Əliyev şəhid ailələrinin üzvlərini, o cümlədən müharibədə iştirak etmiş, əlillik dərəcəsi almış qazilərimizin dövlət qayğısı ilə əhatələnməsini bütün dövlət strukturları qarşısında bir nömrəli vəzifə kimi müəyyənləşdirib. Silahlı Qüvvələrimizin üzvlərinin orden və medallarla təltif olunması, şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Bu günə kimi 13 mindən çoxu mənzil və fərdi evlərlə təmin olunub. Bunun da 3500-ü son 1 il yarım müddətinə düşür. Eyni zamanda 7400-ə yaxın qazimiz bu günə kimi avtomobillə təmin edilib. Ölkəmizin iqtisadi gücü artdıqca ölkə başçısının sərəncamları ilə onlara verilən sosial ödənişlər artırılır. Son bir neçə ildə bunun əyani şahidiyik. Qazilərin sağlamlıqlarının qorunması, sosial-psixoloji xidmətlər göstərilməsi, reabilitasiya üçün həm ölkə daxilində, həm də xaricdə mühüm addımlar atılıb. Bir sözlə, bu həssas qrupa aid olan insanlarımızın sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq problemlərinin həlli Azərbaycan dövlətinin bir nömrəli vəzifəsi kimi ölkə başçısı tərəfindən müəyyənləşdirilib. Bu işlər çox uğurla inkişaf etməkdədir. Təəssüf ki, özünü müxalifət adlandıran, amma birbaşa ermənipərəst dairələrin köləsinə çevrilmiş Azərbaycana qarşı xidmət göstərən qaragüruh qüvvələr, milli xəyanətkarlar şurasının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri, xaricdə, ölkə daxilində yaşayıb adlarını bloqer qoyanlar, Azərbaycana düşmən kəsilmiş qüvvələr şanlı Silahlı Qüvvələrimizin Vətən Müharibəsində əldə etdiyi tarixi qələbəyə kölgə salmağa çalışırlar. Bu işdə çox təəssüf ki, bəzi hallarda qazilərimizdən də sui-istifadə edirlər. Onların intiharından və ya intihar cəhdlərindən məkirli niyyətləri üçün yararlanmağa çalışırlar. Bu hal onu göstərir ki, həmin qüvvələr üçün heç nə müqəddəs deyil”.

Xəbərlər