Siyasət 26 Yanvar 2024, 3:44 | Baxış sayı: 105
"Qardaş Türkiyəni süni şəkildə az qala proseslərin təqsirkarı kimi göstərmək cəhdi yolverilməzdir"

Mövcud irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti, habelə bu istiqamətdə qəbuledilməz davranışlar fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakını qeyri-müəyyən müddətə dayandırması Avropa Şurasının əsl mahiyyətini ifşa etməklə təşkilatın etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq. Baş verən proseslərin təşkilat üçün ciddi və geri dönməz nəticələrinə görə isə Azərbaycan məsuliyyət daşımır.

 

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, Azərbaycan 2001-ci ildən Avropa Şurası ilə Avropa xalqları ailəsinə inteqrasiya və Avropa standart və dəyərlərindən bəhrələnmədə ehtiva olunan əməkdaşlıq etməkdədir: "Əməkdaşlığımız dövründə biz Avropa Şurası Parlament Assambleyasına müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq platforması kimi yanaşaraq bu təşkilatın Azərbaycanın məruz qaldığı işğal və təcavüz faktoru və nəticədə yüzminlərlə vətəndaşın pozulan haqlarının təmin edilməsində rol oynaya biləcəyinə inanmışıq. Hesab etmişik ki, Avropa Şurası elə məhz insan haqlarını və qanunun aliliyini müdafiə etmək üçün mövcuddur. Lakin ötən dövr ərzində Avropa Şurasının bütün təsisatları kimi, AŞPA da münaqişə ilə bağlı məsələlərin müzakirəsindən imtina edərək, nə qədər absurd səslənsə də, Ermənistanın işğal siyasəti nəticəsində 1 milyondan artıq insanın hüququnun pozulmasının təşkilatın mandatına uyğun olmadığını iddia edirdi. Lakin Azərbaycanın özünün beynəlxalq səviyyədə tanınan ərazilərini işğaldan azad etməsi, sərhəd bütövlüyünü və bütün ərazilərində konstitusiya quruluşunu bərpa etməsi prosesindən dərhal sonra AŞPA mövqeyini kəskin şəkildə dəyişərək çox isterik formada erməni psevdo maraqlarının müdafiəçisinə çevrildi və artıq başa çatmış münaqişənin tərəfi kimi davranmağa başladı. Xüsusən ötən il oktyabrın 23-də “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edərək Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqlarını hədəfə alan mövqe ifadə etdi. Bu gün Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılmasını "insan haqları və demokratik dəyərlər" amili ilə pərdələməyə çalışan AŞPA qeyd olunan qətnamənin 23-cü bəndində “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ni əsas gətirib Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələmişdi. Yəni görünən odur ki,  Avropa Şurası nümayəndə heyətimizin etimadnaməsini açıq-aşkar lokal xarakterli antiterror tədbirlərinə cavab olaraq, qisas zəminində tanımaqdan imtina edib. AŞPA-nın bu yanaşması isə yalnız ədalətsizlik yox, eyni zamanda separatizmə açıq dəstəyi ehtiva etməklə beynəlxalq hüquqa zidd davranış olmaqla həm də Azərbaycan Respublikasının təhlükəsizlik mühiti üçün təhdid əxz edirdi. Bu mənada, Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı milli maraqlarımızın müdafiə edilməsi baxımından yerində atılan addım oldu. Azərbaycan göstərdi ki, cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı altında hərbi-siyasi qələbələrimiz fonunda yaranan yeni reallıqda heç kim bizimlə ultimatum dilində danışa bilməz. Eyni zamanda tam məsuliyyətlə deyə bilərik ki, mövcud gərginlik fonunda Azərbaycan nə isə itirmir. Əksinə lobbi alətinə çevrilməsi ifşa olunan Avropa Şurası həm də sərhədlərinin daralması fonunda onsuz da aşağı olan nüfuzunu daha da itirmiş olur. Xüsusən Azərbaycan kimi bir tərəfdaşdan məhrum olmaqla Avropa Şurası həm də Cənubi Qafqazda özünün sonunu gətirir. Prezident İlham Əliyev elə bir geosiyasi konfiqurasiya yaradıb ki, Azərbaycanla hesablaşmayan heç bir subyektin bu bölgədə mövcudiyyət perspektivi yoxdur. Ötən dövrün təcrübəsi, xüsusən Fransanın Cənubi Qafqazdakı fiaskosu da bunu bir daha sübut edir. Təsadüfi deyil ki, regiondan tam mənada sıxışdırılan Fransa artıq özünün marionetləri qismində Avropa Parlamentinin ardınca Almaniya və AŞPA-nı dövriyyəyə daxil etməli olub. Əlbəttə, 30 il bir milyondan artıq insanın təməl haqlarının pozulmasına göz yuman bu beynəlxalq hüquq subyektlərinin indi riyakarcasına Qarabağdan könüllü surətdə köçən erməni əsilli sakinlərlə bağlı bəyanat və tələbləri ciddi qəbul edilə bilməz. 
Bu mənada, fiaskolarını öncədən dərk edən adıçəkilən təcavüzkar Qərb subyektləri, həmçinin Azərbaycan daxilində 5-ci kolonu işə salmaqla təxribatların effektini artırmağa çalışır. Antimilli dairələrin Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirakını qeyri-müəyyən müddətə dayandırması ətrafında milli maraqlara zidd çirkli propaqandası, AŞPA-nın simasında ədalət mücəssəməsi obrazı formalaşdırmaq cəhdləri məhz bu prosesin tərkib hissəsidir. Eyni zamanda Parlamentdə təmsil olunan Real Partiyasının sədrinin prosesləri Türkiyə əleyhinə yönəltməyə çalışması Şuşa Bəyannaməsi ilə vahid güc kimi çıxış edən Azərbaycan-Türkiyə tandemi ilə bağlı reallığı əks etdirmir. Qardaş Türkiyəni süni şəkildə az qala proseslərin təqsirkarı kimi göstərmək cəhdi yolverilməzdir. Türkiyə ilə münasibətlər bizim üçün strateji əhəmiyyət daşıyır və əlaqələrimizin daha da inkişafı milli maraqlarımızın prioritetlərindəndir. AŞPA-nın məqsədli və qərəzli gedişləri isə nəinki qardaş Türkiyə, bütövlükdə Avropa Şurasının Fransa kimi riyakar subyektləri istisna olmaqla, digər dövlətlərlə də ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə, Avropadakı tərəfdaşlarımızın sayının artmasına maneə ola bilməz".

pravda.az

Xəbərlər