Siyasət 9 Sentyabr 2023, 19:01 | Baxış sayı: 196
"Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan zonasında Azərbaycanın suverenliyini tam bərpa etməsi üçün sayılı zaman qalır"

"Separatçıların seçki şousu bölgədə nəyisə dəyişəcək amil deyil. Aydındır ki, "seçkilər" təxribatların bir hissəsi kimi dövriyyəyə daxil edilmişdi və məqsəd əslində separatçıların "rəhbər"inin dəyişməsi yox, prosesi Azərbaycan əleyhinə beynəlxalq kampaniyaya çevirmək idi. Lakin Bakının təmkinli davranışı həm Ermənistan və havadarlarının planlarını pozdu, həm də Azərbaycanı öz hədəflərinə daha da yaxınlaşdırdı. Artıq əminliklə demək olar ki, Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan zonasında Azərbaycanın suverenliyini tam bərpa etməsi üçün sayılı zaman qalır".

 

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.


Deputat bildirib ki, bu proses separatçı rejimin "funksionerlərinin" ədalət mühakiməsinə təhvil verilməsi, Qarabağdakı qanunsuz dəstələrin tərksilah edilməsi ilə eyni zamanda davam edəcək: "Həmçinin şərti sərhəddə qüvvə yığan Ermənistanın da növbəti dəfə cəzalandırılması labüddür və paralel şəkildə qərb sərhədlərimizin təhlükəsizliyi bütün legitim hədəflər məhv edilməklə, təhdidlər aradan qaldırılmaqla təmin olunacaq. Vətən müharibəsində olduğu kimi, bu dəfə də heç bir havadarı İrəvanın imdadına çata bilməyəcək, yaxud əvvəlki qədər proseslərə qarışmağa həvəsli görünməyəcək. Situasiyanı Ermənistan da yaxşı başa düşür və bu mənada, Paşinyanın yenidən zənglər seriyasına start verməsi təsadüfi deyil".

pravda.az

 

Xəbərlər