Siyasət 14 Sentyabr 2023, 23:02 | Baxış sayı: 121
"Qarabağdakı qanunsuz rejim buraxılmalı, qanunsuz silahlı dəstələri tərksilah edilməlidir"

Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaradılmış qanunsuz rejimin keçirdiyi qondarma “prezident seçkiləri” ölkəmizin Konstitusiyası, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ölkəmizin ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasları yalnız Azərbaycan Konstitusiyası və qanunlarından ibarətdir.

Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Qarabağdakı qondarma “seçkiləri” tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan ediblər. Qardaş Türkiyə, Pakistan, ABŞ və digər ölkələr, o cümlədən BMT, Avropa İttifaqı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən verilən bəyanatlar ictimaiyyətimizə məlumdur. Bütün bunlar onu göstərir ki, sivil dünya separatizmi tanımır və heç vaxt tanımayacaq. Bu, 30 il əvvəl də belə idi, indi də belədir.

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlıdır: “Lakin Ermənistanın və onun havadarlarının davranışları dayanıqlı sülhün əldə olunmasına imkan vermir. Son zamanlar isə guya Laçın-Xankəndi yolunun bağlı olması və Qarabağ ermənilərinin “blokada şəraitində” qalması barədə əsassız iddialar bunu deməyə əsas verir. Xüsusilə Qarabağdakı separatçı rejimin davranışları qəbul olunmazdır. Azərbaycan Qarabağ ermənilərinə reinteqrasiya təklif edir, amma qanunusz rejim buna imkan vermir”.

Deputat xatırladıb ki, Azərbaycan Qarabağ ermənilərini görüş üçün Bakıya və digər şəhərlərə dəvət edib: “Bu yöndə bir sıra təşəbbüslər irəli sürülüb. Eləcə də dövlətimiz Ağdam-Xankəndi yolunun açılmasını, bu yolla yük daşımalarını təklif edib, həm də iki yük maşınından ibarət humanitar yardım göndərib. Lakin separatçılar bunlardan imtina edir. Onlar “blokada və soyqırım”dan danışsalar da, nə yolun işləməsinə imkan verirlər, nə Azərbaycanın göndərdiyi yükləri istəyirlər. Qarabağdakı oyuncaq rejim bu kimi addımlarla guya öz “varlığını” nümayiş etdirməyə çalışır. Amma nəzərə almaq lazımdır ki, hələ Ermənistanın 30 illik işğalçılıq siyasəti dövründə Qarabağ separatçıları beynəlxalq müstəvidə münaqişənin tərəfi kimi tanınmırdı. Münaqişənin tərəfi yalnız Azərbaycan və Ermənistan idi. 44 gün günlük Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra regionda vəziyyət bütünlüklə dəyişib. Bir ovuc separatçılar qalıb ki, onlar da Rusiya sülhməramlılarının məsuliyyət zonasında məskunlaşıblar. Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsinin “boz zona” adlandırılması da təsadüfi deyil. “Azərbaycan ərazisində “boz zona”nın mövcudluğu suverenliyimizə və vətəndaşlarımızın təhlükəsizliyinə açıq təhdiddir. Hazırda həmin ərazidə təhlükəli hərəkətlilik var. Separatçı rejim, qanunsuz hərbi birləşmələr burada minalanma, səngər qazıntıları, mühəndis işləri aparır. Bu, yolverilməzdir. Azərbaycan ərazisindəki qanunsuz rejim buraxılmalı və onun qanunsuz silahlı dəstələri də tərksilah edilməlidir”.

APA

Xəbərlər